Bakıda 12 saylı cəzaçəkmə müəssisəsində binanın dam örtüyünün uçması nəticəsində məhkumun ölməsi bir sıra məsələləri gündəmə gətirib. Bildirilir ki, Azərbaycanda fəaliyyət göstərən əksər penitensiar müəssisələr hələ də Sovet dövründən qalan infrastruktura malikdir. Onların çoxu istismar müddətini keçib, köhnə və yararsız vəziyyətdədir. Son hadisə bu binaların nə dərəcədə qəzalı durumda olduğunu bir daha ortaya qoyub.
Həmin binalar yeniləri ilə əvəz edilə bilərmi? Ümumiyyətlə, bu sahədə hansı problemlər var?
Globalinfo.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu Ədliyyə Nazirliyinin bir neçə cəzaçəkmə müəssisəsində dəyişikliklər etdiyini deyib:
“Məsələn, qadın təcridxanasında, gənclərin cəza çəkdikləri müəssisələr və bir neçə yerdə bu prosesin şahidi olmuşuq. İndi də planda belə addımlar var. Həmçinin, deputat Qüdrət Həsənquliyev Milli Məclisdə çıxışı zamanı təklif etmişdi ki, köhnə cəzaçəkmə müəssisələrinin yenilənmə işi tikinti şirkətlərinə həvalə olunsun. Həmin şirkətlər beynəlxalq standartlara uyğun cəzaçəkmə yerləri inşa edərsə, dövlət büdcəsindən vəsait də xərclənməzdi. Belə təkliflər qəbul olunsaydı, problem asanlıqla həll edilər və bu cür bədbəxt hadisələrin qarşısı alınardı”.
Deputat Fazil Mustafa bildirib ki, problem köhnə tikililərlə əlaqədardır:
”Bu, məhbusların qorunması və saxlanma şaraiti ilə bağlı müəyyən narahatlıqlar yaradır. Düzdür, son vaxtlar məhkumların şəraitinin yaxşılaşdırılması istiqamətində həm hökumət, həm də Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin rəhbərliyi müsbət işlər görür. Dəyişiklikləri rahat şəkildə görmək mümkündür. Lakin bəzi cəzaçəkmə müəssisələri şəhərdən kənara çıxarılmalı və müasir tələblərə uyğun həbsxanalar tikilməlidir. Əks halda, bu cür hadisələrin olması gözləniləndir. Hansısa dam örtüyünü dəyişməklə problem həll edilmir. Yeni infrastruktur qurulmalıdır”.
Millət vəkilinin sözlərinə görə, məhbus sayı kifayət qədər çoxdur və onların yerləşdirilməsi üçün şərtlər uyğun olmalıdır:
”Məhkumların saxlanıldığı bəzi yerlərdə adambaşına düşən çarpayılar da standartlardan bir az kənardadır. Bu istiqamətdə cari ilin büdcəsindən müəyyən qədər vəsait ayrılmalı, yeni yerlər tikilməlidir. Fikrimcə, bunlar təmin edilsə, bu cür fövqəladə hallar baş verməz”.