Yaz-yay ayları bütün sahələrdə olduğu kimi kənd təsərrüfatında işin qızğın dövrüdür. Kəndlərdə yaşayan insanlar özlərinin qış azuqəsi ilə yanaşı mal-qara üçün də yem ehtiyatı görməlidir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu il Zaqatalada havaların qeyri-sabit keçməsi xüsusən ot sahələrinin biçilməsində bir sıra çətinliklər yaradıb.
May və iyun ayının ilk günləri Şəki-Zaqatala bölgəsində ot biçinlərinin qızğın dövrünə təsadüf edir. Bu il isə həmin müddətdə əsasən Zaqatalada havalar qeyri-sabit əsasən yağmurlu keçib. Nəticədə biçilən otlar sahələrdə qalıb.
Rayonun Aşağı Çardaxlar kənd sakini Şirxan Gəncəliyevə bu il küllü miqdarda maddi ziyan dəyib. Biçilən ot sahəsi sel-sular altında qalıb:
“Bir hektar 70 sot torpağım var. Yonca əkmişdim, budur su gəlib batırıb, pis gündədir. Ən aşağısı 300 pres -bağlama götürəsiydim , 3.50-yə- 4 manata satırdım”, - deyən kənd sakini ona 3 min manata yaxın maddi ziyan dəydiyini bildirir.
Havaların yağmurlu keçməsi nəticəsində bəzi təsərrüfatlarda hələ də biçilməyən otlaqlara təsadüf edilir. Digər tərəfdən birinci çalımda yaxşı ot tədarükü görülmədiyindən ot bağlamalarının qiymətində artım da artıq hiss olunur.
Mal-qara üçün qış ehtiyatı görməyə hazırlaşanlar sırasında Muxax sakinləri də az deyil. Onların sözlərinə görə hələ may ayında ilk ot çalımının bir bağlamasını elə sahədəcə 3 manatdan sata bilərdilər. İndi isə qiymətlər ən azı bir manat bahalaşıb. Növbəti biçinə qədər isə yəqin ki, 4-5 manat arasında dəyişəcək. Muxax sakini Əli İsmayılov da ot sahəsinin yağışlarla əlaqədar xarab olduğunu deyir.
“İki ildir bu vəziyyətdir, yağışdan imkan olmur bir qram ot götürə bilmirik. Presini yerində 3 manatdan satırdıq” deyən Əli İsmayılov qonşusunun 200 bağlama otu yağış altında qalaraq tərk olduğunu da sözlərinə əlavə edir.
Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik şöbəsindən verilən məlumata əsasən rayon üzrə 8275 hektar ot sahəsi var. Hektardan məhsuldarlıq 79 sentiner təşkil edir. Şöbədən o da bildirilib ki, bu ilin birinci ot biçiminin əsasən yağmurlu havalara təsadüf etməsi maldarlar üçün bir sıra çətinliklər yaradıb, ot bağlamalarını sahələrdən daşıya bilməyiblər. Lakin qarşıdakı iyun, iyul, avqust və sentyabr aylarında daha bir neçə ot biçimi gözlənilir. Fermerlərə tövsiyə edilir ki, biçin vaxtı hava məlumat bürosunun proqnozlarını nəzərə alsınlar.