Ermənistan hökumətinin intensiv təzyiqi nəticəsində ləğv edilmiş separatçı rejimin sonuncu başçısı Samvel Şahramanyan yenidən “prezidentliyə namizəd” olmaqdan imtina edib.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Erməni nəşri yazır ki, İrəvanda fəaliyyət göstərən qondarma qurum “prezident seçkiləri” üçün müəyyən edilmiş müddəti qaçırıb, 31 may son tarix idi. S.Şahramanyanın “səlahiyyət müddəti” mayın 21-də başa çatıb. Bundan sonra qondarma qurumun “parlamenti” mayın 27-dək “yeni namizəd” irəli sürməli idi, amma nəşrin iddiasına görə, Nikol Paşinyan hökuməti buna imkan verməyib.
“Hraparak” qeyd edir ki, S.Şahramanyandan əllərini çəkən separatçılar “yeni namizəd” axtarışında olsalar da, Ermənistan hakimiyyətinin təzyiqi səbəbindən heç kim bu mənasız işin altına girmək istəmir:
“Düzdür, onlar (separatçılar) Şahramanyandan əllərini üzüblər, çünki hökumət ona birbaşa mətnlə “seçildikdən” sonra Sünikdə (Qərbi Zəngəzurda Ermənistan və Azərbaycan arasında mümkün toqquşma nəzərdə tutulur - red.) baş verən hər hansı bir prosesin təkcə onun deyil, bütün Qarabağ ermənilərinin çiyinlərində olacağı barədə xəbərdarlıq edib”.
Nəşrin yazdığına görə, Baş nazir Nikol Paşinyanın təhdidlərini S.Şahramanyan və digər separatçılara çatdıran Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyandır.
Xatırladaq ki, Ermənistan parlamentinin sədri Alen Simonyan mayın 27-də separatçıların İrəvandakı fəaliyyətlərinə etiraz edib.
Spiker bu cür fəaliyyətlərə Azərbaycandan adekvat cavabların olduğunu söyləyib:
“Qarabağ təmsilçiləri (separatçılar) özlərinə “yeni prezident” seçirlər, bəyanatlar verirlər və buna cavab olaraq Azərbaycanın bəyanatlarını eşidirik. Qarabağın nümayəndələri “parlament sədri” seçirlər, Azərbaycan isə bəyan edir ki, mən də gələcəyəm, girəcəyəm və Qərbi Azərbaycanı quracağam”.
A.Simonyan vurğulayıb ki, bu bəyanatlar separatçıların atdığı addımlara Azərbaycanın “güzgü cavabı”dır.