Ermənistanın “Hraparak” qəzeti iyunun 10-da daha 180 kv. km ərazinin Azərbaycana veriləcəyi barədə məlumat yayıb.
Modern.az xəbər verir ki, Ermənistan Respublikası baş nazirinin müavini Mher Qriqoryanın ofisi iyunun 11-də yaydığı məlumatda bunu təkzib edib.
Qeyd olunub ki, sərhədin delimitasiyası prosesi ilə bağlı bütün məsələlər müstəsna olaraq Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında müvafiq Dövlət Komissiyalarının birgə işi çərçivəsində müzakirə edilir.
Qeyd edək ki, hazırda Azərbaycanın işğalda 4 kəndi qalır: Qazaxın Yuxarı Əskipara, Barxudarlı, Sofulu və Naxçıvan MR Sədərək rayonunun Kərki kəndi.
Bu kəndlər Azərbaycan üçün esklav, Ermənistan üçün anklav kəndlərdir. İşğal altındakı esklav kəndlərimizdə ermənilərin qanunsuz məskunlaşması həyata keçirilib.
Yuxarı Əskipara 860 hektar, Sofulu 439 hektar, Barxudarlı 320 hektar əraziyə malikdir. Hər üç yaşayış məntəqəsi 1992-ci ildə işğal olunub.
Kərki kəndi 1990-cı ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Kəndin ərazisi 19 kv.km-dir.
Azərbaycanla Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə 2024-cü il avqustun 30-da imzalanıb.
Bu sənədə görə, İrəvan və Bakı 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq demarkasiyanı həyata keçirməyə razılaşıblar, lakin bu razılaşma yekun deyil. Reqlamentdə qeyd olunur ki, proses gələcəkdə sülh sazişi qəbul edildikdən sonra başqa prinsiplərə uyğun davam etdirilə bilər.
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında aparılan sonuncu delimitasiya işləri nəticəsində Qazax rayonu istiqamətində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib. Bununla da Qazax rayonunun işğaldakı 4 kəndi - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin Azərbaycana qaytarılması təmin edilib.
Həmin kəndlər 24 may 2024-cü il tarixində Azərbaycana təhvil verilib.