“Əslində Medinski Rusiyanın siyasi səhnəsində heç kimdir. İndi, Putinin köməkçisi kimi ona müəyyən tapşırıqlar verirlər - o da onları həyata keçirir. Onun siyasi çəkisi də, elmi çəkisi də sıfıra bərabərdir. Onun doktorluq dissertasiyasının plagiat olduğu sübut edilib. Mədəniyyət naziri olanda onun siyasi oğurluğu təsdiqlənib. Bir sözlə, Medinski heç kəsdir. İndi, bir söz deyib, revanşist ermənilər də ondan yapışıblar ki, guya Qarabağ mübahisəli ərazidir”.
Siyasi şərhçi Zərdüşt Əlizadə bu fikirləri Moderator.az-a açıqlamasında “İşğalçı Rusiya diktatoru Vladimir Putinin köməkçisi Vladimir Medinskinin Qarabağın guya “mübahisəli ərazi” bağlı son açıqlaması haqda nə düşünürsüz?” sualını cavablandırarkən dilə gətirib.
“Əvvəla, keçmiş Dağlıq Qarabağ ərazisinin hüquqi baxımdan da Azərbaycanın tərkibində olması artıq Ermənistanın ən yüksək vəzifəli rəsmiləri tərəfindən də etiraf olunur. İkincisi, bu gün Qarabağı Azərbaycandan almağa heç kəsin nə niyyəti, nə də imkanı var”, - davamında şərhçi bildirib.
“Medinskinin konkret Qarabağla Ukraynanın hazırkı durumu ilə müqayisə etməsinə gəldikdə, əvvəla, Rusiyanın heç vaxt Ukraynaya qalib gələrək onun torpaqlarını işğal edə bilməyəcəyinə tam əminəm. Əgər Ukrayna özü Rusiyanın işğal etdiyi əraziləri onunku kimi tanımasa, dünya da bunu tanımayacaq. Və Rusiya daim sanksiyalar altında qalacaq. Nə qədər ki, Putin durur, Ukrayna münaqişəsi də davam edəcək. Amma Putin və onun komandası gedəndən sonra Ukrayna əraziləri azad olunacaq və bərpa ediləcək...
Sonda onu deyim ki, Azərbaycan üçün real təhlükə Medinski kimi hansısa Rusiya məmurunun Qarabağ haqda dediyi söz deyil... Həmin real təhlükə bu gün xalqın, vətəndaşın gerçək durumunda əks olunur...”,- deyə Zərdüşt Əlizadə diqqətə çatdırıb.