“Rusiya Cənubi Qafqaz siyasətində səhvlərə yol verib”.
Teleqraf xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeniya Qoryuşina deyib.
“Etiraf etməliyəm ki, Rusiya Cənubi Qafqazda müəyyən səhvlərə yol verib. Çünki biz bu regiona çox diqqət ayıra bilmədik. Mən də o mövqeyi dəstəkləyirəm ki, Qafqaz ölkələri ilə dialoqu inkişaf etdirməliyik. Hesab edirəm ki, Moskva bütün Qafqaz ölkələri ilə normal dialoq qurmalıdır. Biz də ekspert icması olaraq bunun üzərində işləyirik. Məncə, Cənubi Qafqaz regionu mühüm əhəmiyyət kəsb edir - həm tarixi, həm də geosiyasi baxımdan. Güman edə bilərəm ki, Rusiya regionda öz rolunu gücləndirəcək”, - rusiyalı ekspert vurğulayıb.
Y.Qoryuşinanın fikrincə, Moskva regionda Qərb və ya NATO-nun üstünlüyünün qarşısını almaq üçün Azərbaycan və Ermənistan arasında balanslaşdırılmış nizamlanmanın tərəfdarı olacaq: “Ona görə də Cənubi Qafqazdakı məsələlər təkcə Rusiya ilə Ermənistan və ya Rusiya ilə Azərbaycan arasında deyil, məncə, bu, daha genişdir və biz bunu qəbul etməliyik”.
Ekspert əlavə edib ki, Rusiya Türkiyə ilə də mürəkkəb münasibətlərini idarə etməyə çalışacaq: “Bu da çox mühüm amildir, çünki Türkiyə əsas regional oyunçu və Moskvanın həm əməkdaşlıq etdiyi, həm də rəqabət apardığı NATO üzvüdür.
Çox güman ki, Rusiya regional iqtisadi əlaqəni təşviq etməyə çalışacaq. Rusiya bunu itirmək istəmir. Bu, Azərbaycan, Ermənistan və Gürcüstanın daxil olduğu çoxtərəfli infrastruktur layihəsi və hətta Şimal-Cənub dəhlizi vasitəsilə mümkündür”.
Y.Qoryuşinanın Rusiya-Azərbaycan və Rusiya-Ermənistan münasibətlərinin mürəkkəbliyinə də toxunub və vurğulayıb ki, Moskva hər iki istiqaməti balanslaşdırmağa çalışır: “Çünki həm Ermənistan, həm də Azərbaycan Rusiya üçün mühüm tərəfdaşdır”.