Çin Xalq Respublikasının Sədri Si Cinpin iyunun 16-17-də Qazaxıstana rəsmi səfər edəcək. Səfər zamanı Qazaxıstan-Çin arasında hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsi, həmçinin ikitərəfli əməkdaşlığın yeni mərhələyə keçidi ilə bağlı məsələlərin müzakirə olunacağı planlaşdırılır.
Globalinfo.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Çin son illərdə qlobal liderlik uğrunda ciddi şəkildə çalışır və bu istiqamətdə real irəliləyişlərə nail olur:
“Çin, sözün əsl mənasında, dünyada birincilik savaşında dəridən-qabıqdan çıxır və bu yolda uğurla irəliləyir. Bu reallığı ABŞ və onun Qərbdəki müttəfiqləri də yaxşı anlayır. Eyni zamanda, Çin-Rusiya münasibətləri də dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir. Qazaxıstan isə həm Çin, həm də Rusiya ilə həmsərhəd olan, Mərkəzi Asiyanın ərazi baxımından ən böyük ölkəsidir. Bu səbəbdən Çin liderinin Astana səfərini təsadüfi saymaq olmaz.
Bu səfərin Rusiya ilə koordinasiyası mümkündür. Hesab edirəm ki, Kreml səfərdən xəbərsiz deyil. Hətta mümkündür ki, Vladimir Putin bu səfərin təşəbbüskarlarından biridir və Tokayev vasitəsilə Cinpini regiona dəvət edir. Hər iki ölkə — Çin və Qazaxıstan — Şanxay Əməkdaşlıq Təşkilatında birgə təmsil olunur. Bu baxımdan münasibətlər sıfırdan qurulmur, lakin yeni mərhələyə keçmək məqsədilə bu səfər mühüm addımdır”.
Cavanşir Abbaslı
C.Abbaslı həmçinin Çin ərazisində yaşayan qazax və uyğur türklərinin vəziyyətinə də diqqət çəkib:
“Çində milyonlarla qazax, on milyonlarla uyğur türkü yaşayır. Bu xalqların hüquqlarının qorunması türkdilli ölkələrin, o cümlədən Qazaxıstanın mənəvi borcudur. Çin rəhbərinin Astanaya səfəri bu baxımdan da xüsusi önəm daşıyır. Tokayev bu humanitar mövzunu gündəmə gətirməlidir. Lakin istər-istəməz əsas müzakirələr iqtisadi əməkdaşlıq ətrafında gedəcək.
Çin Qazaxıstana xüsusi önəm verir və bu münasibətlər təsadüfi deyil. Bəlkə də çoxları bilmir, lakin Qazaxıstanın müstəqilliyini ilk tanıyan dövlət Çin olmuşdu. Bu qərar, təbii ki, Qazaxıstanın regional çəkisinə, təbii sərvətlərinə və geosiyasi mövqeyinə əsaslanırdı. Bu gün də həmin strateji maraqlar gündəmdədir”.