AzVision.az xəbər verir ki, MarineTraffic platformasının gəmi izləmə məlumatlarına görə, üç tanker – "Marie C", "Red Ruby" və "Kohzan Maru" – Hörmüz boğazına doğru hərəkətlərini dayandıraraq istiqamətlərini dəyişib. Onlardan ikisi hazırda Birləşmiş Ərəb Əmirliklərinin sahillərində, Füceyrə yaxınlığında lövbər salıblar. "Kohzan Maru" isə Oman körfəzində, Oman sularına yaxın ərazidə hərəkət edir.
Yaponiyanın aparıcı gəmiçilik şirkətləri – "Nippon Yusen" və "Mitsui OSK Lines" – bildiriblər ki, Hörmüz boğazından keçən zaman riskləri minimuma endirmək üçün gəmilərinə bölgədə mümkün qədər az vaxt keçirməyi tapşırıblar.
Bu hadisə strateji əhəmiyyətə malik boğazda təhlükəsizliklə bağlı artan narahatlığın göstəricisidir.
ABŞ-nin Tehranın nüvə obyektlərinə zərbələrindən sonra İranın cavab tədbiri olaraq Hörmüz boğazını bağlama ehtimalına görə, bölgədə gəmilərin hərəkətində dəyişiklik müşahidə olunur.