"İranın Hörmüz boğazını bağlaması böyük təhlükə olacaq, ona görə də Aİ xarici işlər nazirləri münaqişənin diplomatik həlli variantlarını müzakirə edəcəklər".
“Cebheinfo.az”-ın məlumatına görə, Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaja Kallas birliyə üzv olan ölkələrin xarici işlər nazirlərinin görüşündən əvvəl belə deyib.
“Avropa İttifaqının xarici işlər nazirləri diplomatik həll yolu üzərində cəmləşiblər. Onlar nəticələrinin çox böyük ola biləcəyi eskalasiyadan, xüsusilə də İranın Hörmüz boğazını bağlanmasının yaradacağı böyük təhlükədən narahatdırlar və bu, heç kəs üçün yaxşı olmayacaq”,-deyə o bildirib.
Qeyd edək ki, İranın nüvə obyektlərinə aviazərbələr endirməsindən sonra rəsmi Tehranın Hörmüz boğazını bağlayacağı və bununla da dünya ticarət əməliyyatlarını pozacağına dair ehtimallar artıb.
Hörmüz dünyanın böyük həcmdə enerji resurslarının nəql olunduğu tranzit nöqtəsi olmaqla yanaşı, həm də strateji əhəmiyyətə malik darboğazdır. Hörmüz boğazının coğrafi mövqeyi İrana Fars körfəzi üzərində üzərində geosiyasi üstünlüyünü saxlamağa imkan verir.
Bundan istifadə edən İran həmin ərazidən keçən yük gəmilərinin yolunu bağlamaqla və dünya bazarındakı ticarət balansını pozmaqla hədələyir. Əslində, İranın bu təzyiqləri daha çox Qərbə və ərəb dövlətlərinə yönəlib. İkincisi, İranın beynəlxalq hüquq və suveren milli hüquqlarına uyğun olaraq bu strateji su yolunun birgə idarə edilməsində rolu onun mövqeyini gücləndirir.
Dəniz gəmilərinin Hörmüz boğazından hərəkəti həmişə İranın əsasən nizami və İslam İnqilabı Keşikçiləri Korpusunun donanmasından ibarət hərbi dəniz qüvvələri ilə əməkdaşlıq şəraitində həyata keçirilib. Faktiki olaraq İran donanması Hörmüz boğazında nəzarəti Oman Sultanlığı ilə birgə həyata keçirir və nizam-intizamı təmin edir.
Amma Hörmüz boğazından keçmək üçün ABŞ Hərbi Dəniz Qüvvələri də daxil olmaqla bütün gəmilər İranın ərazi sularından keçməlidir. Fars körfəzinə demək olar ki, bütün girişlər İran, əksər çıxışlar isə Oman sularından keçir. Bu da öz növbəsində Hörmüz boğazı üzərində İranın siyasi və hərbi təsirini artıran amil kimi çıxış edir.
İsrailin İrana qarşı müharibəyə başlamasından sonra rəsmi Tehran Hörmüz boğazında xarici gəmilərin İranın ərazi sularından istifadə məsələsini yenidən gündəmə gətirib. Xüsusilə də ABŞ-nin nüvə obyektlərini bombalaması bu prosesi sürətləndirə bilər. Parlamentə təqdim olunmuş qanun layihəsi xarici hərbi gəmilərin rəsmi Tehranın icazəsi olmadan Hörmüz boğazından keçmək üçün İranın ərazi sularından istifadəsinin qarşısının alınmasını nəzərdə tutur.
Lakin ABŞ-nin Fordo, Natanz və İsfahandakı nüvə tədqiqiatı obyektlərinə strateji bombardmançı təyyarələrlə yanaşı, gəmilərdən qanadlı raketlərlə zərbələr endirməsi bu əməliyyatın İranın ərazi sularına daxil olmadan da həyata keçirlməsinin mümkün olduğunu sübut etdi. Kanadanın “Global Research” nəşrinin araşdırmasına görə, əgər ABŞ münaqişənin ikinci mərhələsinə başlamaq qərarına gələrsə, çox güman ki, Amerika aviadaşıyıcıları Fars körfəzindən kənarda yerləşdiriləcək, cənubdan Oman körfəzinə və Ərəb dənizinə doğru hərəkət edəcək.
Ona görə də İran ABŞ-ni daha çox Hörmüz boğazından neftin daşınmasına mane olmaqla hədələyir. Bu isə neftin dünya bazarında 130-150 dollara qədər bahalaşmasına səbəb ola bilər. Belə bir vəziyyətin yaranması dünyada yeni iqtisadi böhrana yol açmış olar.
Mövcud təhlükənin qarşısını almaq üçün ərəb ölkələri alternativ marşrutlar yaratmağa çalışır. Məhz bu məqsədlə Birləşmiş Ərəb Əmirlikləri Fars körfəzi və Hörmüz boğazının dəniz yollarından yan keçən “Əbu-Dabi boru kəməri” adlanan Həbşan-Füceyrə boru xəttini inşa etdirib.
Bu marşrutla BƏƏ nefti Hind okeanına çıxarılır. Lakin Yəməndə İranın dəstəklədiyi Husi terrorçularının başlatdığı müharibə bu xəttə də təhlükə yaradır. Hər gün Hörmüz boğazından 23,7 milyon ton neft daşınır.
Dünya üzrə sıxılmış təbii qazın 30 faizi də bu yolla nəql edilir. Qeyd edilən səbəbdən Hörmüz boğazının bağlanması ABŞ və Avropa ölkələrinin iqtisadiyyatına ciddi zərbə vura bilər. Ancaq boğazın bağlanmasından əziyyət çəkən yalnız Qərb və ya ərəb ölkələri olmayacaq. Dünyanın ən böyük neft idxalçısı olan İranı İsrailə və ABŞ-yə qarşı müharibədə dəstəkləyən Çinin iqtisadiyyatı üçün də ciddi problemlər yarana bilər.
Çinin illik neft idxalının 45 faizi məhz Hörmüz boğazı vasitəsilə daşınır. Ona görə də rəsmi Pekin iqtisadi böhrandan yayınmaq üçün Hörmüz boğazının başlanmasına razı olmayacaq. Hətta ABŞ ilə geosiyasi rəqabətə baxmayaraq, çox güman ki, Çin öz maraqları naminə bu fikrindən daşınmaq üçün İrana təzyiq göstərəcək.
Müşfiq Abdulla
“Cebheinfo.az”