Dövlət Turizm Agentliyinin elan etdiyi tender ləğv edilib.
FED.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən daxili turizmin inkişafı ilə bağlı elan olunmuş satınalma proseduru – “Daxili turizmin təbliği və təşviqi üçün media turların təşkili” üzrə tender ləğv olunub.
Tenderin ləğv edilmə səbəbi olaraq satınalmanın maliyyələşdirilməsinin dayandırılması göstərilib. Bu hal “Dövlət Satınalmaları Haqqında” Qanunun 36.1.6-cı maddəsinə əsasən rəsmiləşdirilib.
Layihənin ümumi ehtimal olunan dəyəri 1.080.567,36 AZN təşkil edirdi. Bu vəsait daxilində media turlarının təşkili, logistik xidmətlər, tanıtım və digər əlaqəli fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılırdı.
Tenderin dərc olunma tarixi 14 may 2025-ci il saat 15:31, təkliflərin təqdim olunması üçün son tarix və zərflərin açılış vaxtı isə 23 may 2025-ci il saat 17:00 idi. Bu müddət ərzində satınalma prosesi üçün təkliflərin toplanması nəzərdə tutulmuşdu.
Qeyd edək ki, tender çərçivəsində “Lahıc” və “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruqları, Astaranın Sım kəndi, Naxçıvan Muxtar Respublikası, Palçıq Vulkanları Turizm Kompleksi, “Şahdağ” Turizm Mərkəzi, Daşaltı kəndi, “Yuxarı Baş” və “Kiş” qoruqları, eləcə də Ağdamdakı Şahbulaq qalasına mediaturların təşkili nəzərdə tutulurdu.