“Mən masanın üstündə belə bir sənədin olub-olmamasından xəbərsizəm”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Hasmik Akopyan avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri arasında sülh sazişinin imzalanması və ya paraflanması ilə bağlı jurnalistin sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Ermənistan Vaşinqtonda aparılan danışıqlar nəticəsində əldə olunan və kağız üzərində yazılacaq istənilən razılaşmanı uğurlu hesab edəcək.
Jurnalistin baş nazir Nikol Paşinyanın Vaşinqtona hansı gündəliklə getdiyini komandası ilə müzakirə edib-etməməsi ilə bağlı sualına Akopyan belə cavab verib:
“Səfərlə bağlı rəsmi bəyanat verilib. Bəyanatda deyilir ki, nümayəndə heyətimiz ABŞ Prezidenti Trampla görüşəcək, həmçinin Tramp və Azərbaycan Prezidenti Əliyevlə üçtərəfli görüş keçiriləcək. Bəyanatda qısaca gündəmdən bəhs olunur: regionda sülhün bərqərar olması və iqtisadi əməkdaşlıq”.
Hakim partiyanın deputatı Azərbaycan və Ermənistan arasında yolların (Zəngəzur dəhlizi) açılmasının İrəvan üçün bir nömrəli olduğunu bildirib: “Gündəmimizin irəliləməsi açıq şəkildə hiss olunur”.
Sülh müqaviləsindən danışan Akopyan qeyd edib ki, sazişdə Ermənistan üçün problem yaradan bircə məqam yoxdur:
“Sənədin yayımlanması həm də qarşı tərəflə (Azərbaycanla) razılaşmadan asılıdır. Çünki bu, məxfi sənəddir. Onun dərcində heç bir problem görmürük və bunu səbirsizliklə gözləyirik”.