Kəlbəcərdə hərbi qulluqçuların minaya düşməsi ilə bağlı cinayət işi açılıb. Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, 5 hərbi qulluqçunun mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır. Kəlbəcər rayonu ərazisində avqustun 5-i saat 19:05 radələrində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələrinin basdırdığı minaya düşüb.
Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib ki, baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib. Onların həyatları üçün təhlükə yoxdur. Faktla bağlı araşdırma aparılır.
Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Sherg.az-a açıqlamasında Üçtərəfli bəyannaməyə əsasən, Ermənistanın mina xəritələrini Azərbaycana təhvil verməli olduğunu xatırladıb:
“Tərəflər arasında danışıqların intensivləşdiyi, sülh prosesinə yaxınlaşdığımız vəziyyətdə belə Ermənistan mina xəritələri məsələsində konstruktiv mövqe nümayiş etdirmir. Halbuki əminliklə deyə bilərik ki, dəqiq mina xəritələri Ermənistanda var və onlar harada, hansı kəndlərdə, hansı ərazilərdə minaların basdırıldığını dəqiq bilirlər. 4 kəndin Azərbaycana geri verilməsi ilə bağlı razılıq əldə etdikdən sonra həmin kəndlərin ərazilərindəki mina xəritələri elə erməni ordusu tərəfindən qısa müddətdə təmizləndi. Bu, bir daha onu göstərir ki, ermənilər hansı ərazilərdə minaların olduğunu dəqiq bilirlər və öz təhlükəsizlikləri üçün bu mina xəritələrinin dəqiq yerlərini təsbit edərək təmizləyirlər. Amma Azərbaycana verdikləri mina xəritələri təəssüf ki, özünü doğrultmadı”.
Hüquq müdafiəçisinin sözlərinə görə, Ermənistan mina xəritələri üzərindən də siyasi oyun quraraq müharibə cinayəti törətməyə davam edir: “Düşünürəm ki, mütəmadi olaraq BMT-nin Təhlükəsizlik Şurasında, digər beynəlxalq təşkilatlarda mina xəritələri məsələsini gündəmə gətirməliyik. Beynəlxalq təşkilatların Ermənistana bu məsələdə təzyiq göstərməsinə çalışmalıyıq. Amma beynəlxalq təşkilatlarda, xüsusən xristian Avropasında ikili standartlar artıq həyat tərzinə çevrilib. Qərbin marağında olan məsələlərdə qısa müddət ərzində qərarlar çıxarılır və həyata keçirilir. Buna rəğmən Azərbaycan mina xəritələri məsələsini hər zaman gündəmdə saxlamalıdır”.