Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş prezident Levon Ter-Petrosyana "sakitləşməyi və Ermənistanda qurulmuş dinc həyatdan zövq almağı" məsləhət görüb.
"Report" erməni mediasına istinadən xəbər verir ki, Baş nazir bu bəyanatı sosial şəbəkələrdə yayıb.
Qeyd edək ki, Ter-Petrosyanın Paşinyanı daxili siyasi vəziyyəti destabilizasiya etməkdə ittiham edib. Keçmiş prezidentin fikrincə, Paşinyanın siyasəti cəmiyyətin birləşməsinə deyil, parçalanmasına yönəlib.
Buna cavab olaraq N.Paşinyan onu "ən həlledici anlarda" siyasi məsuliyyətdən qaçmaqda günahlandırıb.
"1996-cı ildə siz seçki nəticələrindən, 1998-ci ildə hakimiyyətdən, 2008-ci ildə isə müxalifətdən qaçdınız. Başa düşürəm ki, indi də getmək istəyirsiniz, amma artıq qaçmağa yer yoxdur", - Ermənistanın Baş naziri vurğulayıb.