Rusiyanın “Voenkor Kotenok” Telegram kanalı iddia edib ki, bir sıra mənbələrə görə, Bakı artıq Ukraynaya göndərilməsi üçün 122 mm və 155 mm-lik artilleriya mərmilərinin istehsalına başlayıb. (Bakıxeber.com).
Qeyd edək ki, Ukrayna müharibəsi başlayandan bəri Rusiya mediası dəfələrlə Azərbaycandan Ukraynaya guya silah tədarükü ilə bağlı yalan məlumatlar yayıb. Əsasən də iddia olunurdu ki, Ukrayna qüvvələrinin arsenalında Azərbaycan istehsalı olan 82 mm-lik 20N5 minaatanlar var.
Məlumat üçün deyək ki, Azərbaycanda bu minaatanların istehsalına təxminən on il əvvəl başlanıb. Beynəlxalq sərgilərdə dəfələrlə nümayiş etdirilən 20N5 minaatanları xarici analoqlarından daha kiçik ölçüləri və uzaq məsafələrdə hədəfləri vurmaq qabiliyyəti ilə fərqlənir. Optik nişangahı olmayan bir ədəd 20N5 aqreqatının çəkisi 47,5 kq, atəş məsafəsi 5000 metrdən çoxdur, asanlıqla sökülüb-yığıla bilir.
Bir neçə il əvvəl Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi bu minaatanların bir sıra ölkələrə ixracı ilə bağlı danışıqlar apardığını açıqlamışdı. Azərbaycan BMT-nin silahlara nəzarət rejiminin tələblərinə uyğun olaraq və bunun üçün müvafiq sertifikata malik olan 20H5 minaatanlarını Yaxın Şərqin bir sıra ölkələrinə də satıb. Rəsmi mənbələr də bildirib ki, Azərbaycan nə o vaxt, nə də indi Ukraynaya heç bir silah növü, o cümlədən 20N5 minaatanları satmayıb və ötürməyib.
Azərbaycan istehsalı olan minaatanların Ukrayna ordusunun əlinə necə keçə biləcəyi ilə bağlı suala gəlincə, o vaxt rusları şübhəyə salan minaatanlar yalnız üçüncü ölkədən Ukraynaya verilə bilərdi. Üstəlik, dünya silah bazarında belə hallar demək olar ki, adidir. Məsələn, Rusiyada istehsal olunan hərbi texnikanı bəzi Avropa ölkələri Ukraynaya verilib. Məsələn, Polşa Ukraynaya Rusiyanın istehsalı olan "T-72" tankı vermişdi.
Moskva-Bakı münasibətlərinin gərginləşməsi fonunda Rusiyanın internet resurslarında bu cür məlumatlar daha çox təxribat xarakterlidir. Çünki rəsmi Bakının belə qərarı olsa, onu gizlətməz və ya gizlədilməsi mümkün deyil. Rəsmi olaraq biz Ukraynaya silah satmamışıq. Sadəcə, ola bilər ki, silahlarımız üçüncü və ya dördüncü dövlətlər tərəfindən ələ keçirilsin və bu silahlardan Ukrayna ordusu istifadə etsin. Yəni onun Azərbaycana heç bir dəxli yoxdur.
Yada salaq ki, Rusiya Xarici İşlər Nazirliyi İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksey Fadeyev bildirib ki, Azərbaycan tərəfindən Ukraynaya silah tədarükünə qoyulan embarqonun mümkün ləğvi münaqişənin həllinə kömək etməyəcək və yerdə vəziyyəti daha da ağırlaşdıracaq: “Azərbaycanlı tərəfdaşlarımız Kiyevdəki neonasist rejiminə silah və ya ikili təyinatlı humanitar yardımın tədarükü ilə bağlı mövqeyimizi yaxşı bilirlər”. Bugünlərdə Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası yola salınıb.
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov məsələ ilə bağlı "Yeni Müsavat"a şərhində bildirdi ki, son zamanlar Rusiya ilə Azərbaycan arasında gərginlik getdikcə böyüyür. Rusiyanın “Voenkor Kotenok” Telegram kanalının guya Azərbaycanın Ukraynaya satmaq üçün artilleriya mərmilərinin istehsalına başladığını iddia etməsi Azərbaycana qarşı atılan növbəti böhtandır: “Azərbaycan mərmilər istehsal edir, lakin məhz Ukraynaya satmaq üçün istehsal etmir. Azərbaycanın müdafiə sənayesinin istehsal etdiyi mərmilər və digər bir sıra məhsullar həm öz ordusu üçündür, həm də xarici dövlətlərə satılır. Bu, tamamilə təbiidir və buna görə heç bir ölkənin bizə etiraz bildirməsi gülünc olar. Azərbaycan Ukraynaya humanitar yardımlar göndərir və bunu şəffaf şəkildə edir. Ancaq Azərbaycan Ukraynaya silah-sursat satmır. Silah, mərmi satmaq üçün müqavilələr imzalanır. Azərbaycanla Ukrayna arasında bu barədə müqavilə də yoxdur. Azərbaycana son zamanlar Rusiyadakı bir sıra telekanallarda ağılların və ağızlarına gələn şər-böhtanı yağdırırlar. Ukraynaya satmaq üçün mərmi istehsal etdiyimizi bildirmələri də növbəti böhtandır. Bu böhtan və şayiələri qəsdən yayırlar və Rusiya ilə Azərbaycan arasında qismən də olsa ortada qalmış münasibətləri tamamilə məhv etməyə çalışırlar. Bu, Azərbaycan tərəfindən qəbuledilməzdir. Yəqin ki, Azərbaycanın müvafiq rəsmi qurumları da Rusiyadan səslənən bu cür böhtanla bağlı öz mövqeyini qonşu dövlətə çatdıracaq. Rusiyada bir sıra dairələr, xüsusən də ermənilərlə birbaşa işbirliyində olanlar məqsədli şəkildə var gücləri ilə Rusiya-Azərbaycan münasibətlərini düzəlməsi mümkün olmayacaq həddə qədər pisləşdirməyə çalışırlar. Hesab edirəm ki, Rusiya rəhbərliyi, nəhayət, bu məsələdə mövqe ortaya qoymalıdır. Güman edirəm ki, Rusiya rəhbərliyi münasibətlərin normallaşması üçün addımlar atacaq və münasibətlər yenidən düzələcək”.