“Akkord” şirkətlər qrupunun törəmə şirkəti olan “Hydraulic Mechanisms Company” MMC-nin dövlət qarşısında yenə vergi borcu yaranıb.
Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestri məlumatlarından xəbər əldə edib.
Məlumata görə, “Hydraulic Mechanisms Company” MMC-nin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə hazırda 172 350 manat vergi borcu mövcuddur.
Ötən ilin bu vaxtı şirkətin vergi borcunun miqdarı 76 min manat olub. Bununla belə, “Hydraulic Mechanisms Company” ən çox borca 2021-ci ildə düşüb. Belə ki, həmin vaxt şirkətin dövlət qarşısında vergi borcunun həcmi 1 milyon manata çatmışdı.
Xatırladaq ki, “Hydraulic Mechanisms Company” 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 5 880 593.49 manat, qanuni təmsilçisi Əhədli Qadir Həzran oğludur. Şirkət müxtəlif növ xüsusi təyinatlı nəqliyyat vasitələri və hidravlik maşın-mexanizmlərin icarəsini təşkil edir. Həmçinin 16 tondan 160 tona qədər yükqaldırma imkanına malik avtokranlar sifariş əsasında yükləmə-boşaltma işlərini icra edirlər.
Məlumat üçün onu da bildirək ki, “Akkord”un daha bir törəmə şirkəti olan “Akkord Hidrotexnikal Construction Company” MMC-nin də dövlət qarşısında külli miqdarda vergi borcu yaranıb. Şirkətin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə hazırda 1 193 956,95 manat vergi borcu mövcuddur. Bu MMC 2015-ci ildə yaradılıb, nizamnamə kapitalı1 274 541,46 manat, qanuni təmsilçisi isə Şahin Şirinovdur. Şirkətin əsas fəaliyyət dairəsinə su və kanalizasiya sistemlərinin çəkilməsi, içməli və çirkab su təmizləyici qurğuların, inzibati binaların, su anbarlarının və yardımçı binaların tikilməsi daxildir.