Son vaxtlar problemli kreditlərdə artım müşahidə olunur.
Bəziləri bunu bankların yüksək faiz siyasəti ilə əlaqələndirir. Digərləri isə əsas səbəbi insanların ödəmə imkanlarının zəifləməsində görürlər.
Banklar bu yükü azaltmaq üçün hansı güzəştlər tətbiq edə bilər?
Mövzu ilə bağlı “Cebheinfo.az” –a açıqlama verən iqtisadçı-ekspert Əkrəm Həsənov bildirdi ki, problemli kreditlər insanların azalan gəlirləri ilə bağlıdır:
“Problemli kreditlərin əsas səbəbi insanların gəlirlərinin azalmasıdır. Bu, ikitərəfli prosesdir: gəlirlər nominal olaraq eyni qalsa da, inflyasiya səbəbindən dəyərini itirir. Yəni insan əvvəlki kimi 1000 manat maaş alsa da, həmin məbləğlə əvvəlki qədər mal və xidmət almaq mümkün olmur.
Beləliklə, xərclər artır, gəlirlər isə real olaraq azalır və nəticədə borcları ödəmək çətinləşir. Bu, hələ ən yaxşı halda belə olur”.
Onun sözlərinə görə, ölkədə iqtisadi çətinlik müşahidə olunur:
“Bəzən insanlar maaşını itirir və ya azalma ilə üzləşirlər. İşsizlik də bu prosesdə mühüm rol oynayır. Rəsmi hökümət nümayəndələri nə qədər desə də, ölkədə iqtisadi çətinlik olduğu görünür. Artıq adambaşına düşən ümumi daxili məhsul göstəricilərində Azərbaycan Gürcüstan və Ermənistandan geri qalıb. Bu isə riski artırır”.
Ekspert qeyd etdi ki, problemli kreditləri azaltmaq üçün tədbirlər görülür:
“Gəlirlər azaldıqca, problemli kreditlər də artır. Amma hələlik 2015-ci ildə olduğu kimi kəskin artım müşahidə edilmir. Banklar kredit verməyə çalışır, çünki onların əsas gəlir mənbəyi budur.
Lakin Mərkəzi Bank son dövrlərdə istehlak kreditlərinə məhdudiyyətlər qoyub və sərt tələblər tətbiq edir. Məqsəd problemli kreditlərin səviyyəsinin yüksəlməsinin qarşısını almaqdır. Çünki insanların gəlirlərinin aşağı səviyyəyə düşdüyü açıq görünür”.