Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycana səfəri ilə bağlı sosial şəbəkədə paylaşım edib. Onun sözlərinə görə, Avropa İttifaqı yaxın tərəfdaş kimi münasibətlərin tam tənzimlənməsində və regionda həyata keçirilməsində öz rolunu davam etdirəcək.
Qrononun Naxçıvana səfəri diqqət çəkib. Çünki Aİ rəsmiləri ilk dəfədir ki, Naxçıvana da diqqət ayırır. Səfər çərçivəsində Aİ rəsmiləri muxtar respublikada Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüb.
Səlahiyyətli nümayəndə bildirib ki, Ermənistanın uzun illər davam edən işğalçılıq siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikası ölkənin əsas hissəsindən ayrı düşüb və quru nəqliyyat əlaqələri kəsilib. Ötən illər ərzində işğal altında qalmış ərazilərdəki mövcud nəqliyyat infrastrukturu, o cümlədən dəmir yolu sistemi dağıdılıb. Bu baxımdan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində əldə edilmiş nəticələr bölgə üçün mühüm gələcək vəd edir.
Maqdalena Qrono Naxçıvanın Avropa və Asiyanı birləşdirəcək mühüm strateji mövqeyinə toxunaraq bu perspektivdə geniş logistik-nəqliyyat layihələrinin icrasının region üçün strateji əhəmiyyətini diqqətə çatdırıb. Zəngəzur dəhlizi ilə bağlı Vaşinqton razılaşmasından sonra Avropa İttifaqının yadına niyə Naxçıvanın blokadası düşdü?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a bildirdi ki, Maqdalena Qrononun missiyası Cənubi Qafqazda, o cümlədən Gürcüstanda böhranın aradan qaldırılması və Avropa İttifaqı ilə münasibətləri üstün vəziyyətə gətirməkdir. Azərbaycanla da bəzi Avropa təsisatları arasında bu gün müəyyən soyuqluq var. Bunun aradan qaldırılması yolları axtarılır: “Aradan qaldırılması da vacibdir. Ona görə də Avropa İttifaqının xüsusi nümayəndəsinin bölgəyə gəlməsi və yerindəcə bir sıra problemlərə toxunması təbiidir. Bu səfərin müsbət nəticə verəcəyinə inanıram. Üstəlik, bu səfər və səslənən fikir ona işarədir ki, artıq Zəngəzur dəhlizinin reallaşması zamanı çatıb. Qərb təsisatları da bunun artıq reallaşma mərhələsində olduğunun fərqindədir və buna görə də prosesdən kənarda qalmaq istəmirlər. Zəngəzur dəhlizi Avropanın da faydasına olacaq. İndiyə qədər dəhliz məsələsi uğrunda savaş gedirdi, Rusiyanın, İranın prosesə maneçilikləri var idi. Artıq bu cür maneçiliklər prosesi dayandırmaq imkanında deyil. 8 avqustda Vaşinqtonda Donald Trampın da iştirakı ilə əldə olunan razılaşmadan sonra Avropa İttifaqında da bu fikir yaranıb ki, artıq kimsə Zəngəzur dəhlizinin açılmasına mane ola bilməyəcək. Əgər İran parlamentinin sədri bu dəhlizlə bağlı "biz bu məsələdə Türkiyə ilə birlikdə çalışacağıq" bəyanatını veribsə, deməli, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək dəhlizin açılmasına inam bir qədər də artır".
Həmsöhbətimiz qeyd etdi ki, Naxçıvana təkcə iqtisadi kəsişmələr nöqtəsi kimi baxılmır. Həm də siyasi münasibətlərin kəsişdiyi yer kimi baxılır: “Bütövlükdə Azərbaycan yeni dünya düzəninin Orta Asiyaya transferi üçün bir platsdarm kimi nəzərə tutulan bir yer idi. Buna görə də Naxçıvanın xüsusi strateji əhəmiyyəti artır. Bunu Avropa İttifaqı da görür və Naxçıvana diqqətin ayrılması bundan qayaqlanır. Şimal-Cənub xəttinin də Şərq-Qərb xətti ilə Naxçıvanda kəsişəcəyi mesajı burada var. Ciddi bir şəbəkə formalaşır və burada Avropa İttifaqının da ciddi oyunçu olaraq məsələlərin içərisində olması amili var. Çalışır ki, burada artıq proseslər o istiqamətə getsin ki, bölgədə olan əsas oyunçular Azərbaycan, Gürcüstan, Ermənistan proseslərdə Avropa İttifaqı ilə bir yerdə olsun və Avropa İttifaqı tənzimləyici rolunda çıxış edə bilsin”.
F.Quliyev hesab edir ki, Naxçıvana bir kəsişmə nöqtəsi olaraq gəlməkdə başqa bir səbəb Vasif Talıbov rejimindən sonra tətbiq olunan yeni idarəetmə sistemi ilə tanış olmaq, əməkdaşlıq etməkdir: “Vasif Talıbov rejimi onların üzünə qapıları bağlamışdı. İndi yeni islahatçı xarakterli idarəetmə rejimi ilə əlaqələr qurub danışıqlar aparmağı məqbul hesab edirlər. Avropa İttifaqının digər istəyi bundan ibarətdir ki, soyuq münasibətləri aradan qaldırsınlar. Çünki bölgə uğrunda savaşda Rusiyanın tam olaraq kənara çəkilmədiyi ortadadır. Avropa İttifaqı isə Cənubi Qafqaz ölkələri ilə münasibətləri sahmana salmağa çalışır. Azərbaycanla münasibətlərdə məqsədə çatmağın yollarından biri kimi də Azərbaycan üçün mühüm bölgə olan Naxçıvana səfər edib Naxçıvanın faydasına olan mövqe ortaya qoymağı seçiblər”.