"Rusiya müasir dünyada 17-18-ci əsrlərin imperiya təfəkkürü ilə yaşayan yeganə dövlətdir, yeganə imperiyadır demirəm ha, məhz 300 il əvvəl mövcud olan imperiya nəzəriyyəsindən əl çəkməyən tək ölkədir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra bildirir: "
Orta əsrlərdən başlayaraq, “imperiya = ekspansiya”, ərazi genişləndirilməsi nəzəriyyəsi, yanaşması hakimi-mütləq idi. İmperiya olmaq istəyən, buna iddia edən dövlətlər, ilk növbədə ərazi genişliyini önə çəkir, yaxın ətrafından tutun da, başqa qitələrə qədər yayılmağı imperiya olmaq kimi görürdülər. Birinci dünya savaşı imperiyaların ilk çöküşü, daha qanlı dağlması ilə yadda qaldı, amma, “imperiya = ekspansiya”, yanaşması hələ də mövcud idi.
Bu yanaşma ta 1945-ci ilə qədər davam etdi, sonra Britaniya, Fransa, İspaniya kimi böyük, hətta Belçika və s. kimi kiçik imperiyalar dağılmağa başladı. Ana dövlət anladı ki, imperiya olmaq ərazidən deyil də, nəzarətdən, maraq uzlaşmasınadan, iqtisadi dominantlıqdan, sosial rifahdan keçir. Sancılı da olsa, həmin imperiyalar öz ərazilərindən “de-jure” imtina etsələr və Dünyada “suverenlik paradının” yaşanmasına özləri şərait yaratsalar da, “de-facto” hər biri öz keçmiş ərazilərinə müxtəlif üsul və vasitələrlə, əsas da, iqtisadi bağlar və yumşaq siyasi güclə nəzarət etməkdə davam etdilər, hətta, bu günə qədər də edirlər.
Bu siyahıya ABŞ-ı əlavə etmədim, çünki, ABŞ əvvəldən klassik imperiya deyildi, imperianın başqa modelini icad edib, bu modellə dünyada lider dövlət oldu. (dollar, “yumşaq güc”, iqtisadi təşviq, və ya təzyiq, hədə-qorxu və s.)
Rusiya 1-ci dünya savaşından sonra imperiya kimi qaldı, sadəcə, adı və idarəetmə forması dəyişdi. Çarı, Birinci Katib, keşişi (mollanı) “partkomlar” əvəz elədi.
2-ci dünya savaşından sonra isə gücləndi, “rəngli inqilablar” texnologiyasını icad edərək Afrika, Asiya və Latın Amerikasına qədər yayıldı.
SSRİ-nin dağılması labüd idi, insan ruhuna zidd olan bir quruluş zatən dağılmağa məhkumdur. SSRİ-nin dağılması qanlı-qadalı oldu, Kreml, səpdiyi separatizm “minalarını” hər yerdə “partlatmğa” başladı, amma, prosesin qarşısını almağa gücü yetmədi, müstəqil, suveren dövlətlər yarandı. Yeni taranmış dövlətlər Rusiyadan, bəziləri çox, bəziləri daha az, asılı olmaqda davam edirdilər. Bu asılılığı ağılla istifadə etmək, qarşılıqlı fayda əsasənda iqtisadi müstəviyə otuzdurmaq əvəzinə, Rusiya İmperiya damarından, özü də, köhnə təfəkkürlü damardan yürüməyə başladı. Ölkələri özündən asılı vəziyyətə salmağın tək yolunu – qorxu, hədələmək, daxili işləri kobud müdaxilə etmək yolunu tutdu. Halbuki, Rusiya ağıllı olsaydı, öz resurs üstünlüyü ilə ətraf ölkələri məntiqi və sərfəli bağlarla özünə pərçimləyə (yaxşı mənada) bilərdi. Amma, qatar getdi, özü də, sürətlə getdi, elə məhz buna görə, həm də digərlərinə dərs olsun, göz qorxutsun deyə, Rusiya Ukraynaya təcavüz etdi. Düşüncələri bu idi ki, 1-2 həftəyə məsələni öz xeyrlərinə həll edib, bu örnəklə hamıya göz dağı verib, yaxın ətrafında yeganə hakimi-mütləq, ölkələrə canişin təyin edəcək duruma gələcəklər.
Olmadı, Ukrayna xalqının qəhrəmanlığı buna imkan vermədi, artıq 4 ildir ki, Rusiya bataqlığa batıb və bu durumdan çıxış yolu hələ heç görünmür də, yəni, Ukraynaya təcavüz etdi ki, dərs versin - əslində dərs “verdi” də, amma, bu dərs tərsinə oldu, bütün ətraf dövlətlər Rusiyadan qorunmaq üçün işlək təhlükəsizlik çətiri qurmağa çalışdılar, Azərbaycan buna nail oldu, digərləri də eyni yolla irəliləyirlər.
Yəni, Rusiya Ukraynaya hücum etməklə ağlında tutduğu İmperiya modelinin iflasına səbəb oldu. Sadəcə, bədbəxtçilikləri budur ki, Rusiya hələ özü bunu anlamır, fiziki gücü və xalqın susqunluğu ilə bu yanlış modelin ardınca hələ də gedir. Başa düşmək istəmir ki, müasir imperiya modeli, məsələn, Cənubi Koreyadır, maşınları qarajları, TV, kompyuter, soyuducu, kondisionarləri evləri, telefonları isə cibləri “işğal” edib-edir.
Bax belə bir bədbəxt qoşumuz var və “qonşun pisdir – köç-qurtar”, prinsipi də bu məsələdə işləmir, işləyə bilməz. Deməli, “pis qonşu ilə yaşamağı öyrən”, prinsipi ilə davranmağı, gələcəyimizi qurmağı bacarmalıyıq. Bunun üçün isə ölkə daxilində Rifah və Ədalət olmazsa-olmazdır, məhz rifah və ədalətlə problemlər olanda, pis qonşuların müdaxilə etmək iştahları da qabarır.
Bunu unutmayaq, bədbəxt qonşumuzun olması rəğmən, xəşbəxt olmağı öyrənək..."











