"Naxçıvana İran tərəfdən atılmış raketlərlə bağlı nəyi xatırladım? Son illər Gürcüstan hökuməti çox şikayət edirdi ki, bəzi xarici qüvvələr onun ölkəsinin Rusiya-Ukrayna savaşına qatılması üçün çalışır. Axırda Gürcüstan özünü bu müharibədən kənarda saxlamağı bacardı..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının qurucu üzvü İlqar Məmmədov qeyd edib.
O daha sonra bildirir: "Dünya və Azərbaycan mətbuatında bir çox ictimai rəy liderləri onun xarici siyasətdəki bu uğurunu tanıdı.
Yaxşı, bəs Gürcüstan bunu bacardısa, necə bacardı? Bax ən maraqlısı da budur. Gürcüstan daxilində sözü gedən müharibə mövzusunda olduqca qızğın, bəzən aşıb-daşan enerji ilə müzakirələr aparılırdı. Hökumət əks mövqeli insanların arqumentləri və fəaliyyəti basqısı altında idi. Lap dərinə baxsaq, gürcü milli elitasının burda bir oyunu da sezilirdi – yəni qızğın müzakirələr mövzunu sırf milli mənafe baxımından qiymətləndirməyə imkan yaradırdı, siyasət seçiminə kənar təsir bu yolla neytrallaşdırılırdı.
Bəs indi Azərbaycanda? Bizdə son 3-4 ildir xarici siyasət müzakirəsi kökündən söndürülüb. Sərbəst söz deyə bilməzsən. Halbuki işğal illərində məhz bu mövzuda açıqlıq, azad müzakirə mövqeyimizin cilalanıb lap üstün keyfiyyət qazanmasına xidmət etmişdi. İndi Azərbaycan xarici siyasəti haqqında gecə-gündüz mediada çox şey danışılır, amma həqiqi, dartışılası mövzular qalıb kənarda, hökumətin diqtə elədiyi gündəm, mövqe, üslub və tərz hökm sürür.
Belə şəraitdə, kəskin əhəmiyyət daşıyan xarici siyasət mövzularında Azərbaycan hökumətinin nəinki düzgün qərar verməsi çətinləşir, hətta deyərdim, yanlış qərarlar verməsi ehtimalı dəfələrlə yüksəlir.
Xarici siyasətin həqiqi mənada müzakirəsi ölkəmizə bərpa olunmalıdır".











