"Gülnaz niyə pambıq bəyindən ürkəcəkdi ki? Məşədi İbad papağına fason axtaranda niyə elə fikirləşirdi? Sualı Üzeyir Hacıbəylinin özünə verə bilmirik, amma deputat Tahir Rzayevin dünənki çıxışından sonra buna ehtiyac qalmır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının qurucu üzvü İlqar Məmmədov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "1970-lərin pambıq feodalizmi dövründə Ağcabədi tarlalarına komsomolun birinci katibi kimi rəhbərlik etmiş indiki deputat Tahir Rzayev özünün o vaxt formalaşan feodal düşüncə tərzini dünən parlament iclasında gizlətmədən ortaya qoydu.
Dedi ki, işıqforsuz yerdə "zebra"da yolu keçmək istəyən piyadalar gərək 8-10 nəfər toplaşıb sonra keçsin, yəni maşın tək bir piyadaya görə saxlamalı olmasın.
Bu feodal, hüquqdan və insan bərabərliyindən xəbərsiz yanaşma ancaq Gülnazın qorxduğu pambıq bəylərinin fikir aləmində yetişə bilərdi. Tələsən və ya lap elə tələsməyən bir piyada işıqforsuz yerdə "zebra"dan keçməkdən ötrü başqa piyadaların gəlməsini niyə gözləsin? Bəlkə arabadakı bəyə hələ bir baş da əysin?
Heç Məşədi İbad da Gülnazın gözündə feodal “pambıq bəyinə” oxşamaq istəmirdi. "Obrazovonski" görünməyə çalışırdı. Məşədi də bilirdi: Gülnaz o vaxtlar ölkəmizə kapitalizmin təzəcə gətirdiyi bərabərlik və müasirlik anlayışları ilə böyüyən bir qız idi.
Nə isə, görək gələn seçkidə bu YAP deputatına qarşı REAL partiyası olaraq Ağcabədidə kimi namizəd çıxarırıq..."











