Azərbaycan hökuməti iri və xırdabuynuzlu heyvanların kəsim yaşını tənzimləməyi planlaşdırır. Bu məsələ “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2026–2032-ci illər üçün Dövlət Proqramı”nın layihəsində öz əksini tapıb.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Redaktor.az-a açıqlamasında qeyd etdi ki, 8-10 aylıq, çox kiçik yaşda quzuların, buzovların kütləvi halda bazara çıxarılması və kəsilməsi heyvandarlığa çox böyük ziyan gətirir.
Millət vəkili vurğuladı ki, azyaşlı heyvanların kəsilməsi həm heyvanların sayının azalması, həm də bazarda ətin bahalaşmasına zəmin yaradır:
"Nəzərə alsaq ki, son illərdə ölkədə 3 milyondan çox xırda buynuzlu və 1 milyona yaxın iri buynuzlu mal-qaranın sayı azalıb və ət ildən-ilə bahalaşır, nəzərdə tutulan proqramda bu məsələyə aydınlıq gətirilməsi və müəyyən tənzimləmənin planlaşdırılması sözsüz ki, bilavasitə heyvandarlığın inkişafına, bazarda ət məhsullarının qiymətlərinin azaldılmasına hesablanıb. Çünki ət məhsulları ən çox istifadə edilən qidadır və xarakterimizə uyğun olaraq bizim süfrələrimizdə daimi ət məhsulu olmalıdır. Həm kəndlərdə fərdi ailələrdə mal-qaranın sayının azaldılması, insanların əziyyət çəkməmələri, heyvan mal-qara saxlanılmasına üstünlük verməmələri gələcək üçün yaxşı heç nə vəd etmir. Düzdür, ölkədə iri heyvandarlıq kompleksləri yaradılmaqdadır, ətlik-südlük mal-qaranın yetişdirilməsinə təşəbbüslər göstərilir, ancaq elə bilirəm ki, kənddə yaşayan hər bir kəs öz təsərrüfatında qoyun-quzu, iri buynuzlu mal-qara saxlamağa təşəbbüs göstərməlidir. Bu həm onun maddi vəziyyətinin yaxşılaşdırılması, həm də özünü ət məhsulları ilə təmin etməsi üçün çox vacibdir. Dövlət Proqramı layihəsində bu sahədə atılan hər bir addım sözsüz qiymətləndirilir və bu proqramın həyata keçirilməsinə hər bir kəs öz dəstəyini verməlidir".











