"Əziz həmvətənlərim, Bu sətirləri sizə həbsxanadan yazıram. Haqsız yerə azadlığımdan məhrum edilsəm də, ruhən ayaqdayam və möhkəmliyimi qoruyuram. İnanıram ki, həqiqət gec-tez öz yerini tapır və ədalət bir gün mütləq qalib gəlir..." "DİA-AZ" xəbər verir ki, bunu hazırda 1 saylı istintaq təcridxanasında saxlanılan Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli məhbəsdən yolladığı müraciətində qeyd edib.
O daha sonra bunları əlavə edir: "Burada, bu dar divarlar arasında belə, düşüncələrim daim vətənimlədir. Ağlımda hər zaman Azərbaycan və onun dəyərli insanları var. Xalqımızın gələcəyi, azadlığı və rifahı üçün ümidimi heç vaxt itirməmişəm və itirməyəcəyəm.
Çətinliklər insanı sınağa çəkir, amma eyni zamanda onu daha da möhkəmləndirir. Mən də bu sınaqdan başı dik çıxacağıma inanıram. Bilirəm ki, haqqın və ədalətin tərəfində olan insan sonda qalib gəlir.
Hər birinizə səbr, birlik və ümid arzulayıram. Azərbaycan üçün düşünən, çalışan və dua edən hər kəsin varlığı mənə güc verir".











