Azərbaycan məhkəmələrində işlərin gecikməsi və bəzi hallarda hakimlərin prosesə kifayət qədər hazır olmaması ilə bağlı sosial şəbəkələrdə müzakirələr davam edir. Azərbaycan məhkəmələrində nə baş verir? Hakimlərin baxdıqları işlərdən bixəbərliyi haqda deyilənlər nə dərəcədə doğrudur?
Tanınmış vəkil Əkrəm Həsənov Musavat.com-a deyib ki, bu problemin həm obyektiv, həm də subyektiv səbəbləri var. Vurğulayır ki, Azərbaycanda hakimlərin sayı baxılan işlərin həcminə uyğun deyil. “Nəticədə bir hakim eyni anda çoxsaylı işlərə baxmalı olur və bu da fiziki olaraq bütün materialları dərindən öyrənməyi çətinləşdirir. Əgər hakim yalnız rəsmi iş saatları çərçivəsində çalışsa, bu qədər işi vaxtında çatdırması real deyil. Ona görə də sistem özü artıq yüklənmiş vəziyyətdədir”, – deyə o bildirib. Əkrəm Həsənovun sözlərinə görə bəzi inkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda məhkəmə işlərinin baxılma müddətləri daha sərt şəkildə tənzimlənir. Xüsusilə mülki işlər üzrə konkret vaxt çərçivələrinin olması hakimləri tələsik qərar verməyə məcbur edir. Bununla yanaşı, subyektiv səbəblər də az deyil. Müsahibimiz qeyd edib ki, bəzi hallarda hakimlər sadəcə olaraq işi dərindən öyrənmək üçün əlavə vaxt və enerji sərf etmək istəmir, sənədlərə səthi baxmaqla kifayətlənirlər. “Məhkəmə işlərinin böyük hissəsi tipik olur. Hakim düşünür ki, artıq bu kateqoriyadan olan işlərlə dəfələrlə qarşılaşıb və detallara varmadan qərar verə bilər. Amma hər işin özünəməxsus tərəfləri var və bunları nəzərə almamaq ciddi problemlərə yol açır”, – deyə o vurğulayıb.
Əkrəm Həsənov bildirib ki, bir çox hakim iş materialları ilə məhkəmə iclasından əvvəl deyil, məhz proses zamanı tanış olur. Bu isə xüsusilə zəif müdafiə olunan tərəflər üçün risk yaradır. Onun sözlərinə görə, tanınmış və təcrübəli vəkillərin iştirak etdiyi işlərdə hakimlər daha diqqətli olur: “Görürlər ki, qarşı tərəfdə güclü vəkil var, məsuliyyət artır, işi əvvəlcədən oxuyurlar. Amma gənc və ya tanınmayan vəkil olanda eyni diqqəti görmək çətindir”.
Əkrəm Həsənov bu səbəbdən gənc vəkillərə xüsusi tövsiyə verib: “Hakimin işi əvvəlcədən oxuyacağına ümid etməsinlər və məhkəmə prosesində mövqelərini maksimum aydın və maraqlı şəkildə təqdim etsinlər. Prosesdə elə danışmaq lazımdır ki, hakim bu işin standart olmadığını başa düşsün və diqqət tələb etdiyini anlasın”, – deyə o qeyd edib. Əkrəm Həsənovun sözlərinə görə, bəzi hallarda isə problem daha ciddi xarakter daşıyır. Hakim əvvəlcədən müəyyən mövqeyə köklənir və işin vacib detallarını qərarda ümumiyyətlə əks etdirmir. Bu kimi hallarla bağlı tanınmış vəkil həmkarlarına və vətəndaşlara tövsiyə edir ki, məhkəmə proseslərinin video qeydlərindən istifadə edərək şikayət etsinlər: “Əgər videodan görünürsə ki, hakim işin mahiyyətini belə bilmir, bu artıq şikayət üçün əsasdır”.
Əkrəm Həsənov hesab edir ki, vəziyyətdən çıxış yolu iki əsas istiqamətdədir: “Vəziyyəti dəyişmək üçün hakimlərin sayının artırılması və onların fəaliyyətinə nəzarətin gücləndirilməsi vacibdir. Əgər sistemli şəkildə şikayətlər olarsa, bu hallara reaksiya verilir. Bu isə ümumi vəziyyətin yaxşılaşmasına səbəb ola bilər”.









