Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində bir il müddətinə nəzərdə tutulmuş əməkdaşlıq proqramları imzalayıblar.
Bu barədə "Report" Ermənistanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, Kiprdə ikitərəfli Ermənistan-Kipr və üçtərəfli Ermənistan-Yunanıstan-Kipr müdafiə məsləhətləşmələri keçirilib.
"Məsləhətləşmələr zamanı ikitərəfli və üçtərəfli formatlarda əməkdaşlığın mövcud vəziyyəti və sonrakı addımları müzakirə edilib, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri, müdafiə sahəsində həyata keçirilən islahatlar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb", - məlumatda qeyd olunub.
Nazirliyin məlumatına görə, tərəflər son illərdə əməkdaşlığın inkişaf dinamikasını yüksək qiymətləndiriblər.
"Məsləhətləşmələrin yekunlarına əsasən, üç ölkənin beynəlxalq hərbi əməkdaşlığa cavabdeh olan bölmələrinin rəhbərləri ikitərəfli Ermənistan-Kipr və üçtərəfli Ermənistan-Yunanıstan-Kipr formatında müdafiə sahəsində əməkdaşlığa dair bir il müddətinə nəzərdə tutulmuş proqramlar imzalayıblar", - məlumatda vurğulanıb.









