Mərkəzi Seçki Komissiyasının tərkibi yenidən formalaşdırılıb. Bu barədə məsələ parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi haqqında” məsələ səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib. Məzahir Pənahov tərkibdə yenidən yer alıb. Bununla belə Validə Kazımova, Nizami Nadirxanlı, Şaitdin Əliyev artıq siyahıda yoxdur. Əvəzində Sevinc Abdullayeva və Elçin Xələfov siyahıya əlavə edilib.
Xalq Partiyasının sabiq sədri Pənah Hüseyn Sherg.az-a bildirib ki, MSK Azərbaycandakı seçkilərdə o qədər də önəmli rol oynamır:
“Azərbaycanda ədalətli seçki mühiti formalaşmadıqca MSK-nın heç bir funksiyası olmayacaq. Ona görə də komitənin tərkibində kimin olub-olmaması o qədər də rol oynamır”.
AĞ Partiyanın sədri Tural Abbaslı isə söyləyib ki, MSK-nın problemi yaşlı-cavan məsələsi deyil:
“YAP üç yeni gənc verib. Gənclər nəsə seçki prosesində islahat edəcəklər? Və yaxud da o səlahiyyətlərdədirlər? O statuslardadırlar? Baxsaq görərik ki, yox. Məzahir Pənahov və Rövzət Qasımovun yenidən seçilməsi isə iqtidarın seçki prosesini əvvəlki kimi görmək istəyindən irəli gəlir. Yəni bu, bir mənada simvolik addımdır. Digər tərəfdən əsas problem Seçki Məcəlləsidir. Azərbaycan Seçki Məcəlləsi axırıncı dəfə mən hələ gənc olanda, 2005-ci ildə qəbul olunub. Bu da dünyanın, Avropanın narıncı inqilablarla fəth edilən dönəminə təsadüf edir. Yəni nə onun siyasi quruluşu, nə də ki, prosedur qaydaları müasir sosial-siyasi çağırışlara cavab verir. Bu mənada təcili surətdə, yubatmadan Seçki Məcəlləsi dəyişdirilməlidir. Həmçinin Azərbaycanda siyasi fəallığın artırılmasını nəzərdə tutan Seçki Məcəlləsi və real siyasi səhnəni əhatə edə biləcək Seçki Komissiyası formalaşdırılmalıdır”.
Partiya rəhbəri qeyd edib ki, bu Seçki Məcəlləsi ilə kimi MSK-ya rəhbər qoysaq, heç nə edə bilməz:
“O baxımdan Seçki Məcəlləsinin özü dəyişdirilməli və müasir çağırışlar nəzərə alınmalıdır. Protokol qaydası da A getdi, B gəldi, B getdi, V gəldi prinsipi ilə işləyir. Eyni qaydalarla heç nə dəyişməyəcək. Pis-yaxşı, yenə Məzahir Pənahovun seçilməsidir. Heç olmasa insanların öyrəşdiyi nizam davam edir. Amma təbii ki, bu, ironik yanaşmadır. Söhbət Məzahir Pənahovdan getmir, bir başqası olsun. Əsas problem Seçki Məcəlləsi köhnəlib və dəyişdirilməlidir”.










