Ermənistanın sərhədləri ilə bağlı son iki ildə baş verən mühüm inkişaf sərhəd qoşunlarının xidmət etdiyi sərhədin 12 kilometrlik demarkasiya olunmuş hissəsinin olmasıdır. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.
Paşinyan qeyd edib ki, sözügedən 12 kilometr sərhədin yeganə hissəsidir ki, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin üzvləri dəbilqəsiz, “bronejiletsiz” xidmət edir və silahlar torbalarda saxlanılır. “Bizim istəyimiz və məqsədimiz Ermənistan Respublikasının sərhədinin bütün hissələrinin sərhəd qoşunlarının məsuliyyətində olmasını təmin etməkdir. Biz bu istiqamətdə irəliləyirik. Əlbəttə ki, yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası prosesini davam etdirəcəyik və prosesi məntiqli müddət ərzində başa çatdıracağıq, - Paşinyan əlavə edib.
Milli Məclisin üzvü Arzuxan Əlizadə Musavat.com-a şərhində xatırladıb ki, Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistanın üzərinə götürdüyü bir sıra öhdəliklər var: “İlk növbədə Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən müddəalar çıxarılmalıdır. Bu, bizim həm hüquqi, həm də ədalət baxımından tələbimizdir. Digər öhdəliklərə gəlincə, sülhə nail olmaq üçün demarkasiya və delimitasiya prosesləri yekunlaşmalıdır. Bu məqsədlə ölkələrimiz arasında Azərbaycanı və Ermənistanı hökumət səviyyəsində təmsil edən hökumətlərarası komissiyalar fəaliyyət göstərir. Komissiyaların sərhəd zonalarında bir neçə dəfə iclası keçirilib.
Məlum olduğu kimi, Qazaxın işğal altında qalan kəndləri ilə bağlı müəyyən qərar verilib, amma mübahisəli ərazilər yenə də qalmaqdadır. Eyni zamanda, Ermənistanla sərhəd boyu bir çox problem qalmaqdadır. Proses ara verilməklə davam etməkdədir. Delimitasiya sərhədlərin daha geniş xəritələr üzərində müəyyən edilməsidir. Bu mərhələdə coğrafi relyef və digər amillər nəzərə alınır. Demarkasiya isə sərhədlərin müəyyən edilməsinin ikinci və yekun mərhələsidir. Bu prosesə hüquqi nöqteyi-nəzərdən yanaşılmalıdır. Məsələnin siyasi tərəfi də var. Azərbaycan və Ermənistan arasında mübahisəli sərhədlər mövcuddur. Bu sərhədlər təkcə texniki tərəfdən deyil, siyasi danışıqlar yolu ilə müəyyən olunmalıdır. Proses əslində siyasi baxımdan məsələnin həll olunması üçün danışıqlardan keçir”.
Deputatın fikrincə, Ermənistanda parlament seçkilərindən sonra Nikol Paşinyan hakimiyyətini qoruyub saxlaya bilsə, söz verdiyi kimi, Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar çıxarıla bilər. A.Əlizadəyə görə, yalnız bundan sonra yekun sülh sazişinin imzalanması barədə danışmaq mümkündür.










