
“Mən hər qurultayda deyirəm ki, buyurun, məndən yaxşısını sədr seçin. Hamı açıq sürətdə əllərini qaldırır ki, mən sədr olum. Onlar məni sədr seçirlər. Mən də onlara deyim ki, siz məni seçirsiz, mən də üzümü çevirib Almaniyaya gedirəm? Ailəm də oradadır, bütün sifarişlərim də.. Bir vətənpərvər insan olaraq mən bunu edə bilmərəm”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə deyib.
O daha sonra Əməkdar incəsənət xadimi, musiqişünas Zemfira Qafarovanın ondan küsməsinə münasibət bildirib:
“Zemfira Qafarova 12 il bizdə katib vəzifəsində çalışıb. Biz onunla həmişə görüşürük, həmişə də hal-əhval tuturuq. Maşallah gəlib tədbirlərimizdə iştirak edir, birinci sırada-ən gözəl yerdə oturur. Üz-üzə görüşürük, öpüşürük, niyə zəng edim ki? Zemfira xanıma böyük hörmətimiz var. Mən inanmıram ki, o məndən küsüb inciyib. Bu gün onun maddi durumumun yaxşı olduğu üçün zamanında ona çox böyük köməyim olub. Bizim 173 üzvümüz var. İndi oturub onu fikirləşim ki, kim küsüb, kim inciyib?! Mən öz işimdəyəm, təmiz iş görürəm. Mənə jurnalistlər bəzən sual verirlər ki, “siz musiqimizi dünya ölkələrində təmsil edirsiz, imkanlı insanlar heç olmasa sizə maddi dəstək göstərir?!” Heç vaxt heç kimdən bir qəpik belə kömək görməmişəm. Kimsə gözümün içinə baxıb desin ki, mən Firəngiz Əlizadəyə 5 manat pul vermişəm. Mən də onun üzünə baxım. Kim küsülüdürsə mən heç nə deyə bilmərəm” deyə sənətkar bildirib.
Qeyd edək ki, musiqişünas, Bəstəkarlar İttifaqının keçmiş katibi Zemfira Qafarova bir müddət əvvəl saytımıza bunları demişdi:
“Bəstəkarlar İttifaqında o vaxt sədr Tofiq Quliyev idi. Mən də 1983-cü ildən ittifaqın üzvüyəm. Orada necə qaynar musiqi həyatı var idisə onu mən bilirəm. Bir də sənətkarlara diqqət var idi. Təsəvvür edin ki, mən gənc musiqişünas bir xanım idim. Ailəmlə, iki övladımla birgə birotaqlı evdə yaşayırdım. Mövcud vəziyyəti Tofiq müəllimə dedim. Məni o vaxt Moskva konservatoriyasına təcrübə keçməyə göndərmişdilər. Bir də gördüm ki, Tofiq Quliyev məni axtarır. Özü zəng edib dedi ki, sənə ev verilir, hardasan?! Mənim heç yadımda deyil ki, ərizə yazmışdım ya yox? Rauf Hacıyevin dövründə maşın məsələsi çox çətin idi. Hər kəs ala bilmirdi. O mənə növbədənkənar maşın verdi. Belə bir dövrdə fəaliyyətə başlamışam. İndi siz soruşursunuz ki, səni yola saldılar ya yox? O dövr olsaydı bəlkə də yola salardılar. Yola salmaq bir yana qalsın, Firəngiz xanım heç olmasa telefonu götürüb bir zəng də etmir” deyə o bildirib.








