ABŞ və İsrailin İrana hücumları aprelin 8-də atəşkəslə dayandırılsa da, Hörmüz boğazı ətrafında cərəyan edən proseslər müharibənin bitdiyini deməyə əsas vermir. ABŞ Prezidenti Donald Trampın ziddiyyətli fikirləri isə siyasi gedişatı sual altına almağa davam edir.
Tramp yekun razılaşma üçün İrana bir həftə vaxt verdiyini açıqlayıb. O, bir tərəfdən Tehranla aparılan danışıqlarda irəliləyiş olduğunu bildirir, digər tərəfdən isə İranın yeni sülh təklifindən məmnun olmadığını vurğulayır. Vaşinqtonun Hörmüz boğazına əlavə hərbi qüvvə cəlb etməsi isə prosesləri çıxılmaz hala gətirib. Tramp gəmilərin təhlükəsiz keçidini təmin etmək məqsədilə 15,000 hərbçi və 100-dən çox təyyarəni boğaz ətrafına yığmağı planlayır. İran rəsmiləri təhlükəsizlik adı altında Hörmüz ətrafına toplanan qüvvələrin hücum məqsədi daşıdığı qənaətinə gəliblər.
Mövzu ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslı Sherg.az-a bildirib ki, Trampın İrana vaxt vermə müddəti dünyada qeyri-ciddi qəbul olunur:
“Çünki ABŞ prezidenti hücumların dayandırılması, Hörmüzün açılması və Körfəz ölkələrinə hücum etməməklə bağlı dəfələrlə İrana vaxt verib. Sonradan da verilən vaxtı ya uzadıb ya da mövzunu dəyişib. Tramp dünyanın super gücünün rəhbəri olsa da onun açıqlamalarını ciddi qəbul edən yoxdur. Dünyanın ən güclü və inkişaf etmiş ölkələrindən birinin Tramp kimi rəhbərə sahib olması çox qəribədir. Artıq əhali və konqres müharibənin tamamilə sonlanması üçün Trampa təzyiq gösətirirlər. Çünki hücumların doğurduğu fəsadlar ABŞ-də qiymətlərin 50 faizədək artmasına səbəb olub. Hazırda tərəflər arasında mübarizə, “kim öz nüfuzunu qoruyaraq bu situasiyadan qalib çıxacaq” prinsipi üzrə davam edir. ABŞ və İran öz xalqına düşmənin üzərində qələbə çaldığını göstərmək üçün çıxış yolu axtarır”.
Siyasətçinin sözlərinə görə, gərgin fikir ayrılıqları fonunda maraqlarının arxasınca düşən tərəflərdən biri də İsraildir:
“Rəsmi Tel-Əviv müharibənin uzanmasının tərəfdarıdır. Axı xərclənən pullar onların yox, Amerikanındır. Necə deyərlər başqasının malı ilə qonaqlıq vermək asandır. İsrailin istifadə etdiyi silahların böyük hissəsi ABŞ-dən gəlir. Netanyahu planlarını Trampın üzərindən qurub. Onun sayəsində İranı məhv etməyi hədəfləyir. Dəfələrlə sabiq prezident Barak Obama İsrailin ABŞ-ni müharibəyə sürüklədiyi barədə açıqlamalar verib. Artıq ABŞ öz maraqlarını İsrailinkindən üstün tutmağa başlayıb. Netanyahunun yenidən İran və ABŞ arasındakı razılığa mane olacağına inanmıram”.
T.Abbaslı qeyd edib ki, İran Trampın qəzəbinin hansı nəticələr doğuracağını və ABŞ-nin hərbi potensialını tam gördüyü üçün heç nədən çəkinən deyil:
“Artıq İran rəsmiləri quru əməliyyatı keçirilmədən, ABŞ-nin hava zərbələrinin rejimi yıxmaq iqtidarında olmadığını dərk edirlər. ABŞ-nin təhlükəsizlik adı altında Hörmüz boğazı ətrafına əlavə qüvvə göndərməsi İrana hücum edəcəyi anlamına gəlməməlidir. Bu addım sadəcə Tehranı danışıqlara məcbur etmək üçün psixoloji təzyiq xarakteri daşıyır. Vaşinqton və Tehranın manevr imkanları məhdudlaşıb. ABŞ-nin pərdəarxasında, yeni hücum dalğasına dair planlar qurduğunu iddia etmək əsassızdır. Trampın təbirincə desək, hər iki tərəfin kartları masadadır. Hazırda onların əsas istəyi müharibənin sonlanması üzərində qurulub”.









