Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun son çıxışı diqqət çəkib. O bildirib ki, ölkənin su ehtiyatlarının təxminən 70 faizi xaricdən gəlir. Nazirin sözlərinə görə, əsas problem yalnız su qıtlığı deyil, həm də suyun idarə olunmasıdır. Bu səbəbdən hökumət yeni su anbarları, su toplama sistemləri və açıq torpaq kanallarının qapalı boru sistemləri ilə əvəzlənməsi istiqamətində layihələr həyata keçirir.
Bu asılılıq gələcəkdə ölkə üçün risk yaradacaq? Azərbaycanda gələcəkdə suya qənaətlə bağlı sərt qaydalar tətbiq oluna bilərmi?
Globalinfo.az-a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) su problemləri ilə bağlı hesabatlarında sudan əziyyət çəkən və su riski ilə üzləşən ölkələr sırasında Azərbaycan da yer alır:
“Burada söhbət şirin, təsərrüfat və içməli su ehtiyatlarından gedir, Xəzər dənizi isə bu məsələdə istisnadır. Azərbaycanın ümumi su ehtiyatları əsasən Kür və Araz çaylarından asılıdır. Hər iki çay transsərhəd çay olduğundan, bu, ölkə üçün ciddi risk yaradır. Kür çayı Gürcüstan ərazisindən keçərək Azərbaycana daxil olur, Araz çayı isə İran və Ermənistanla sərhəd boyunca axır. Yəni suyun mənbəyində digər dövlətlər, mənsəbində isə Azərbaycan yerləşir. Ona görə də ölkəmiz hər an risklə üzləşə bilər. Hazırda Kür çayı daşır, lakin bəzi dövrlərdə suyun səviyyəsi ciddi şəkildə azalır. Bunun əsas səbəblərindən biri qonşu ölkələrdə çay sularından geniş istifadə olunması, su anbarlarının və elektrik stansiyalarının tikilməsidir. Bu baxımdan risklərin azaldılması üçün suya qənaət rejiminə keçid olduqca vacibdir. Burada əsas məsələlərdən biri kənd təsərrüfatında istifadə olunan kanalların betonlaşdırılması və köhnə su xətlərinin müasir boru sistemləri ilə əvəz edilməsidir. Belə addımlar suyun torpağa sızmasının və itkisinin qarşısını ala bilər. Eyni zamanda, su ehtiyatlarının toplanması və səmərəli idarə olunması da mühüm əhəmiyyət daşıyır”.
Ekspert bildirib ki, gələcəkdə əsas risklərdən biri Azərbaycanın sudan asılılığını azaltmaq üçün alternativ mənbələrə ehtiyac duymasıdır:
“Bu baxımdan yeraltı su ehtiyatları xüsusi diqqətdə saxlanmalıdır. Artezian quyularının və kəhrizlərin yenidən işlək vəziyyətə gətirilməsi, yeraltı suların təsərrüfat məqsədilə istifadəyə hazırlanması vacibdir. Suya qənaətlə bağlı daha sərt qaydaların tətbiqi də mümkündür. Məsələn, bağ və əkin sahələrində damcı üsulu ilə suvarma sistemlərinin tətbiqi məcburi edilə, aqrar sektorda pivot tipli müasir suvarma sistemlərinin istifadəsinə ciddi tələblər qoyula bilər. Məişətdə isə sensorlu kranlardan istifadə su itkisinin qarşısını əhəmiyyətli dərəcədə alar. Hazırda Bakı və ətraf ərazilərdə əksər evlərdə mexaniki kranlardan istifadə olunur. Sensorlu sistemlərin tətbiqi isə böyük həcmdə su itkisini azaltmağa imkan verər. Bundan başqa, suyun qiymətinin artırılması da insanları qənaət rejiminə keçməyə təşviq edə bilər. Sadaladıqlarım sərt addımlar kimi görünsə də, əslində su ehtiyatlarının qorunması və səmərəli istifadəsi üçün zəruri tədbirlərdir”.









