Son zamanlar erkən nikah halları və azyaşlıların zorakılığa məruz qalması ilə bağlı xəbərlər cəmiyyətin diqqət mərkəzindədir. Xüsusilə Sabirabadda baş verən dəhşətli hadisə bu problemi yenidən gündəmə gətirib. Belə ki, 16 yaşlı qızın dini nikahla evləndirildiyi 20 yaşlı şəxs tərəfindən qətlə yetirilməsi və cəsədinin çaya atılması ictimaiyyətdə böyük narahatlıq yaradıb. Məlumata görə, sözügedən cütlük üçün xüsusi toy mərasimi də təşkil olunub. Belə şəxslərin necə və hansı əsasla şadlıq saraylarında məclis keçirə bilməsi isə sual doğurub.
Restoranlarda və şadlıq saraylarında evlilik mərasimləri zamanı gəlinlə bəyin yaşı yoxlanılırmı? Ümumiyyətlə, belə məkanlar bu istiqamətdə hansı qanuni öhdəlik daşıyır? Erkən nikaha göz yuman mərasim evləri ilə bağlı nə kimi tədbirlər görülə bilər?
Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, azyaşlı olmaq, qanunvericilikdən xəbərsizlik və hüquqlarını müdafiəetmə bacarığının olmaması zorakılığa məruzqalma riskini artıran əsas amillərdəndir:
“Əksər vaxtlarda həmin şəxs hüquq-mühafizə orqanlarına müraciət edə bilmir. Çünki mobil telefonu əlindən alınır, ətrafla əlaqəsi kəsilir və mövcud vəziyyəti kiməsə çatdırmaq imkanı olmur. Erkən yaşda nikahla bağlı şadlıq saraylarına konkret qayda-qanunun qoyulması məqsədəuyğundur. Restoran sahibləri toy edənlərin yaş həddini dəqiqləşdirməli, daha sonra evlilik üçün şərait yaratmalıdırlar. Həmçinin, belə hallara şərait yaradılmaması üçün şadlıq saraylarına külli miqdarda cərimə tətbiq olunmalıdır”.
Ellada Bayramova
Vəkil bildirib ki, bəzən tərəflər gizli formada, nikah üçün “ASAN xidmət” mərkəzlərinə müraciət etmədən toy məclisi təşkil edirlər:
“Bu məsələyə hüquqi müstəvidə yanaşmaq vacibdir. Erkən nikahların əksəriyyətində tərəflər yetkinlik yaşına çatsalar belə, evliliklərinin rəsmiləşdirilməsi mümkün olmur. Əsas səbəblərdən biri birgə yaşam dövründə əldə edilən əmlakın boşanma zamanı qanunla bərabər bölünməsidir. Bu baxımdan qanunvericilikdə ciddi boşluqlar mövcuddur və təəssüf ki, bu sahə lazımi şəkildə tənzimlənmir. Sözügedən problemin qarşısı yalnız hüquqi çərçivədə, qəti və ardıcıl müdaxilə ilə alına bilər”