Çox qəribədir: Prezidentə öz köməkçisi mane olur.
Həyatda da, siyasətdə də çox olur belə hallar. Amerikada avtomobil sənayesinin qurucusu Henri Ford oğluna aylıq maaş kəsmişdi və demişdi: “Əgər mənə kömək etmək istəyirsənsə, sadəcə, mane olma”.
Ford öz oğlunu öz zavoduna buraxmırdı. Gəlsə, nəsə bir problem yaradacağını bilirdi axı.
Elə siyasətdə də belə faktlar çoxdur. Tarixi keçmiş də, çağdaş dövr də oxşar misallarla doludur.
Baxırsan, bir ölkənin rəhbəri təhsili qaldırmağı birinə həvalə edir, həmin nazir gəlib, təhsili batırır. Yaxud başqa birinə səhiyyə etibar edilir, bu nazir də səhiyyəni şikəst günə qoyur. Yaxud başqa biri mədəniyyəti xilas etmək məqsədilə nazir təyin edilir, axırda mədəniyyəti onun özündən xilas etmək lazım gəlir...
Məşhur kardinal Taleyranı bilirsiniz: Napileon Bonapart güllə, mərmi yağışının altında ordusunun önündə atın üstündə döyüşə gedirdi, həyatını riskə atıb, torpaq tuturdu, xarici işlər naziri Taleyran isə danışıqlarda o torpaqları satıb, şəxsi büdcəsini artırırdı.
Bir az əvvəl "mədəniyyət" və "nazir" kəlmələrini işlətdik. Vladimir Medinski də mədəniyyət naziri olub. Belə görünür ki, Rusiya mədəniyyti - rus mədəniyyəti bu nazirdən xilas olduğuna şükr etməlidir. Hərçəndə Medinski Rusiyanın dövlət sistemindən ifraz olunmayıb, əksinə adama daha məsul bir iş tapşırılıb: prezidentin köməkçisi vəzifəsi. Ancaq bu köməkçi öz vəzifəsini prezidentə mane olmaq kimi anlayır. Əgər köməkçi Azərbaycanla Rusiyanın münasibətlərini zədələyəcək bir addım atırsa, yaxud bir yanlışbəyanat verirsə, bu, problem həll etmək deyil, əlavə problem yaratmaqdır.
Bilirsiniz, siyasət də bir mədəniyyətdir. Siyasi mədəniyyət elə-belə yox yerdən əmələ gəlməyib. Hətta çox tez-tez "siyasi səhnə" ifadəsini işlədirik. Deməli, mədəniyyətin siyasəti olduğu kimi, siyasətin də mədəniyyəti var. Adam siyasətin içindədir, siyasətdə axsayır. Mədəniyyət naziri olub, amma mədəniyyəti yox! Bir sözlə, məşhur rus məsəlindəki kimi: buz üstünə çıxmış inək.
Həmin bu köməkçinin- Vladimir Medinskinin diplomatiyası da göz qabaöındadır. Adaşı - Prezident Putin ona Ukrayna ilə danışmağı tapşırıb, amma, Medinski Ukrayna ilə danışmaq əvəzinə Ukrayna haqqında... Azərbaycan əleyhinə danışıb.
Bir az da aydın olsun deyə, Vladimir Medinskinin “Russia Today” kanalına müsahibəsindən sitat gətirək. Medinski Rusiya ilə Ukrayna arasında sülh danışıqlarını şərh edərkən, ağlına gələni belə danışıb: “Əgər münaqişəni cəbhə xəttində dayandırıb, əsl sülh olmadan, sadəcə atəşkəs bağlansa, – bilirsinizmi, Ermənistanla Azərbaycan arasında mübahisəli Qarabağ bölgəsi var idi, – bu region böyük bir Qarabağa çevriləcək”.
Yəni Rusiya ilə Ukrayna atəşkəs sazişi imzalasa, Donbas da Qarabağ kimi olacaq.
Medinskinin Qarabağı Azərbaycanla Ermənistan arasında "mübahisəli ərazi" adlandırması Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaq cəhdindən başqa bir şey deyil. Bilərəkdən olub, ya bikməyərəkdən, bu, artıq situativ olaraq heç nəyi dəyişmir. Azərbaycan artıq bu zərbəni qarşılayıb və Xarici İşlər Nazirliyi Rusiyalı məmura öz yerini göstərib.
Doğrudur, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Azərbaycanlı həmkarı Ayxan Hacızadənin haqlı narazılığına cavabında Medinskinin sözlərinin guya kontekstdən çıxarıldığını deyib. Ancaq görünən dağa bələdçi gərək deyil. Belə yerdə deyirlər: "Üzürü günahından betər". Konteksti nə olursa-olsun, Qarabağın "mübahisəli ərazi" adlandırılması Rusiyanı atıb Avropanın ətəyindən tutan Ermənustana reverans, Kremlin özünə isə "ayı xidməti" olmaqdan özgə heç nə deyil. Medinskini Ukrayna ilə məsələni həll etməyə - qaş düzəltməyə göndəriblər, vurub göz də çıxarmaq istəyib (Qarabağı süni şəkildə "mübahisələndirməklə".
Bir az əvvəl Medinskinin "siyasi mədəniyyət" sarıdan korluq çəkdiyini demişdik. Adamda siyasi mədəniyyət olsa, Ukraynaya təcavüz etmiş bir zehniyyətin köməkçisi olmaq istəməzdi. Vəzifədən vaxtında imtina edərdi, ya da istefa verərdi. Axı Medinski özü də əslən Ukraynalıdır. Milliyyətcə olmasa belə, onu Ukraynaya çox şeylər bağlayıb. Zamanında. İndi Rusiya pezidenti Putinin adından öz doğma vətəninə - Ukraynaya qarşı vuruşur bu adam. Bu da onu mənəvi cəhətdən (təbii ki, neqativ anlamda) xarakterizə edir. Adam da öz Ana Vətəninə təcavüz edər?! Yaxud bu təcavüzü dəstəkləyər?!
Medinskinin Qarabağı "mübahisəli ərazi" adlandırması özünün "mübahisəli" köməkçi olduğunu göstrir. Məlum bəyanatdan sonra məndə sual yarandı: "Görəsən, Vladimir Medinski prezidentin köməkçisi olaraq yerindədirmi?! Cavab sadədir: belə bir məsələyə bu dərəcədə diletant yanaşıbsa, məsələ aydındır. Adam guya Rusiya ilə Ukraynanı barışdıracaqmış, əvəzində Azərbaycanla Rusiyanı dalaşdıracaq qədər yersiz danışıb. Bundan sonra Medinskini yerində olan kadr saymaq olarmı?! Məncə, yox.
P.S. Əgər Medinski "mübahisəli ərazi" axtarırsa, öz ölkəsinin xəritəsinə - Sibirə, Uzaq Şərqə, Urala, Şimali Qafqaza baxsın. XXI əsrdə özü başqasının torpaqlarını işğal edən - ərazi mübahisələri yaradan dövlət öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etmiş Azərbaycan Respublikasında "mübahisəli ərazi" tapa bilməz. Çünki bu siyasi coğrafiyada nə mübahisə var, nə də mübahisəli ərazi. Medinski kimi diletant diplomatlar gərəkdir getsinlər, o yanda oynasınlar. Avropanın mərkəzində törətdikləri bu boyda qardaş qırğını, bu boyda qanlı "mübahisə", deyəsən, dərs olmayıb.
Bahəddin Həzi, bizimyol.info