Yaxın Şərqdə gərginliyin yeni mərhələsi HƏMAS-ın İsrailə hücumu ilə başlayıb və regionda böyük geosiyasi dəyişikliklərə səbəb olub. Bu hadisələr fonunda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) həyata keçirdiyi layihələr ard-arda uğursuzluğa düçar olub. Son aylarda "Müqavimət oxu" adlanan İranın regional təsir şəbəkəsinə ciddi zərbələr endirilib.
HƏMAS və Hizbullah kimi təşkilatların Suriyada, Livanda və Fələstində mövqeləri zəiflədilib, SEPAH-ın ali rəhbərliyinə yaxın şəxslər hədəfə alınıb. HƏMAS liderinin Tehranda hökumət iqamətgahında öldürülməsi, Suriya və Livandakı əməliyyatların uğursuzluğu, hökumət helikopterinin qəzaya uğraması və digər strateji fiaskolar SEPAH-ın effektivliyinə dair ciddi suallar doğurub.
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Sherg.az"a açıqlamasında yaranmış vəziyyəti SEPAH sisteminin fiaskosu kimi qiymətləndirib. Keçmiş XİN başçısının sözlərinə görə, SEPAH-ın son aylarda uğradığı məğlubiyyətlər təkcə hərbi yox, həm də siyasi və ideoloji fiaskodur:
"Bu uğursuzluqları yalnız qarşı tərəfin peşəkarlığı ilə izah etmək qeyri-mümkündür. Ortada sistemli problemlər var və bu, məntiqlə yanaşı, daxili siyasi proseslərin də dərinləşdiyini göstərir. Baş verənlər və nəticələr SEPAH rəhbərliyinə məşhur lətifədəki kimi sual verməyi zəruri edir: "Sən mənim dostumsan, yoxsa ayının?". Əlbəttə, bütün bu uğursuzluqları yalnız qeyri-peşəkarlıqla, yaxud rəqiblərin yüksək peşəkarlığı ilə izah etmək mümkün deyil və bu, məntiqə və sağlam düşüncəyə ziddir".
T.Zülfüqarov SEPAH daxilində korrupsiya hallarının dərinləşdiyini vurğulayaraq bu strukturun artıq öz ideallarına deyil, şəxsi maraqlara xidmət etdiyini söyləyib:
"Necə ki SSRİ-də "perestroyka" dövründə əsas dəyişikliklər KQB və GRU vasitəsilə baş verirdi, İranda da istənilən siyasi transformasiya SEPAH-ın iştirakı olmadan mümkün deyil. Sanksiyalardan yayınma fəaliyyəti, o cümlədən neft ixracı sahəsində uzun illər davam edən kurasiya SEPAH rəhbərliyini bu rejimi və onların "tələbəlik ideallarını" milyonlarla dollar sərvətlərinin qorunmasına zəmanət müqabilində satmağa hazır vəziyyətə gətirib. Lakin onların bu "yeni ideallara" xidməti açıq şəkildə hədəf olmaları və məhv edilmələri ilə nəticələndi. Qısacası, onları sadəcə və banal şəkildə "aldatdılar", çünki yeni siyasi konfiqurasiyada SEPAH-a yer yoxdur. Digər səbəb odur ki, İsrail öz vətəndaşlarının qətlində məsuliyyət daşıyanları cəzasız buraxmaq fikrində olmayıb. ABŞ Prezidenti Donald Trampın ali dini liderin aradan götürülməsinə "veto qoyduğunu" bəyan etməsi, bu məsələdə "kimin yaşamalı, kimin aradan götürülməli olması" barədə siyasi alverin hələ də davam etdiyini göstərir".
Sabiq XİN rəhbəri Azərbaycanı hədəfə alan bəzi təxribatçıların ritorikasını da şərh edib:
"Bizim ölkəyə barmaq silkələyənlər iki əsas məqsəd güdür. Onlar diqqəti SEPAH daxilindəki proseslərdən yayındırmaq, saxta hədəf göstərmək istəyirlər. Başqa səbəb isə Azərbaycanın şimal sərhədlərində "ikinci cəbhə" yaratmaqla regionda gərginliyi daha da artırmaqdır. Azərbaycan belə təxribatların fərqindədir və bu təhlükəli ssenarilərə qarşı yetərincə hazırlıqlıdır. Ümid etmək istərdim ki, İranın siyasi elitasının sağlam düşüncəli hissəsi həm daxili, həm də xarici təxribatlara qarşı duracaq, ölkəni yeni bir xaos mərhələsinə sürükləməyəcəklər".