İranın nüvə silahı istehsal etməsi ehtimalı İsrail və ABŞ-ı ciddi şəkildə narahat edirdi. Bununla bağlı ABŞ-la danışıqlar masasına otursa da, ciddi nəticə əldə edilmirdi. İran məsələnin diplomatik yolla həllini, sözün əsl mənasında yubadırdı. Bir neçə gün öncə, İsrail “bir gecə qəflətən gələ bilərəm” deyimi ilə İrana hücum etdi. İranın rəhbər şəxslərini və nüvə alimlərini məhv etdi. Gərgin müharibə başladı.
Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, istər nüvə, istərsə adi müharibə olsun, hər ikisi təhlükəlidir: “Nüvə müharibəsi kütləviliyinə və əhali qırğınlarına görə daha geniş coğrafiyanı əhatə edir və bu müharibədə qalib olmur. Qonşuluğumuzda yerləşən İran kimi dövlətin nüvə silahı əldə etməsi, region üçün və müəyyən səbəblərdən ilk növbədə Azərbaycan üçün olduqca təhlükəlidir. Bu ölkənin son 30 ildən artıq müddətdə Qafqaz siyasətinə baxmaq kifayətdir ki, mənzərə tam aydın olsun”.
Deputat vurğulayıb ki, güneyli soydaşlarımızın taleyi hər zaman bizi narahat edib.
“Dövlətimiz İran-İsrail qarşıdurmasından az zərərli çıxması üçün bütün imkanlarından istifadə edir. Arzu edək ki, müharibə tezliklə qurtarsın. Belə bir deyim var. “Ən pis sülh, müharibədən yaxşıdır”. Təbii ki, problemlərin həllinə, diplomatik yollarla üstünlük verilməlidir. Məsələ ondadır ki, diplomatiya işləməyəndə silahlar işləyir. Müharibə itkisiz olmur. Zaman bir daha göstərdi ki, 1979-cu ildə Qərbin bilavasitə dəstəyi ilə hakimiyyətə yiyələnmiş molla rejimində, İran kimi böyük bir əraziyə və təbii sərvətlərə, eləcə də insan kapitalına malik dövlətin idarəetməsində ciddi problemlər var. Məhz, geri zəkalı mollaların arxaik təfəkkürü ilə idarə edilməsi, dövləti dalana dirədi. Təkcə öz xalqını yox, regionun digər dövlətlərinin xalqlarını da bədbəxt elədi. İraqın, Suriyanın, Livanın, Yəmənin və Əfqanıstanın timsalında bütün bunları görmək mümkündür. Azərbaycanda da, aranı qatmaq, “hizbullah” tipli, “hüseynüyyun”, “fatmaiyyun”, “zəhrəüyyun” terror təşkilatları yaratmaq istədilər, alınmadı. Mollalar, bu yolla qeyd etdiyim ölkələri "xoşbəxt" etdikləri kimi, bizi də xoşbəxt etmək istəyirdilər. Düşünmək üçün xeyli əsaslar var”-deyə deputat bildirib.