ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın avqustun 9-da Vaşinqtonda görüşəcəyi təsdiqlənib. Ağ Ev bu tarixi görüşə ev sahibliyi edəcək. Müzakirələrin əsas mövzusu Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına hazırlıqdır. "Middle East Eye" portalının diplomatik mənbələrə istinadla yaydığı məlumata görə, bu həftənin cümə günü Azərbaycan və Ermənistan arasında Vaşinqtonda sülhə dair niyyət memorandumu imzalanacağı gözlənilir. Bildirilir ki, mərasimə ABŞ prezidenti Donald Tramp ev sahibliyi edəcək və sənəd Ağ Evdə imzalanacaq.
Mənbələrin sözlərinə görə, bu, tam sülh sazişi deyil, sadəcə niyyət məktubu olacaq. Yəni tərəflər yekun razılaşmanın prinsipləri üzərində işləməyə hazır olduqlarını ifadə edəcəklər. Bu təşəbbüsün, həm Trampın sülh təşəbbüsləri, həm də ABŞ-ın Cənubi Qafqazda nüfuzunun artırılması kontekstində mühüm siyasi dividendlər verəcəyi düşünülür.
Görüş ərəfəsində Azərbaycanın mövqeyini və gözləntilərini şərh edən politoloq Fərhad Məmmədov bildirib ki, Azərbaycanın sülh gündəliyi Prezident İlham Əliyev tərəfindən bu yaxınlarda Qlobal Media Forumunda bir daha təsdiqlənib. Onun sözlərinə görə, Bakı sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü ilkin şərtlərdə israrlıdır. Bu şərtlərə ATƏT-in Minsk Qrupunun ləğvi və Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsi daxildir.
Politoloq qeyd edib ki, Konstitusiyaya dəyişikliklər Ermənistanın daxili işi olsa da, Minsk Qrupunun ləğvi ilə bağlı qərar artıq indidən qəbul edilə bilər. Onun fikrincə, bunun üçün həm vaxt yetişib, həm də siyasi şərait buna imkan verir.
Fərhad Məmmədov deyib ki, Azərbaycan Ermənistanla sülh prosesinə 2022-ci ilin yazında təqdim etdiyi əsas prinsiplərlə start verib və bu istiqamətdə atılan addımlar Bakı tərəfindən təklif edilib. Bu baxımdan, Vaşinqtonda baş verəcək istənilən razılaşma Azərbaycanın uzunmüddətli sülh təşəbbüsünün davamıdır.
O əlavə edib ki, Azərbaycan Ermənistanla bütün razılaşmaları ikitərəfli formatda həyata keçirir. Politoloqun sözlərinə görə, Bakı bu yanaşmanı İrəvan və onun havadarlarının müqavimətinə baxmayaraq qəbul etdirməyə nail olub.
Fərhad Məmmədov qeyd edib ki, kommunikasiyaların açılması məsələsində Azərbaycanın gözləntiləri dəyişməz olaraq qalır. O deyib ki, Bakı Zəngəzur dəhlizi üçün xüsusi rejimin tətbiqini, keçidin maneəsiz olmasını və beynəlxalq təhlükəsizlik nəzarətini tələb edir.
Onun fikrincə, Vaşinqtonda keçiriləcək görüşdən sonra sülh gündəliyinin ayrı-ayrı istiqamətləri üzrə hansısa irəliləyişlərin olub-olmadığı bəlli olacaq.
Politoloq vurğulayıb ki, bu görüş həm də Azərbaycan və ABŞ prezidentləri arasında ilk birbaşa təmas olacaq. Onun sözlərinə görə, bu, ikitərəfli münasibətlər gündəliyinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.
Məmmədov əlavə edib ki, Trampın görüşlərində gözlənilməzlik faktoru böyükdür – nəticələr xoş da ola bilər, əksinə də. Amma bir məqam artıq aydındır – Tramp görüş öncəsi İlham Əliyevlə bağlı fikirlərini öz sosial media hesabında bölüşüb.
Şərhini nikbin notlarla tamamlayan politoloq, tez-tez istinad etdiyi moskvalı taksi sürücüsünün “bu yaxşıdır, ya pis?” sualına bu dəfə konkret cavab verib: “Yaxşıdır. Ən azı proses ikitərəfli formatda gedir və müəyyən nəticələr görünür".