Rusiyadan Azərbaycana qarşı təhdidlər kəskinləşib. Dövlət Dumasının deputatı Andrey Qurulevdən sonra Rusiyanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Komitəsinin sədri və Prezident yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının üzvü Kirill Kabanov da azərbaycanlılara qarşı təhdid dolu paylaşım edib. Bu yeni açıqlamalar bölgədə gərginliyin yüksəlməsi və Rusiya-Azərbaycan münasibətlərindəki qarşıdurmanın artması kimi dəyərləndirilir. Təhdidlərin intensivləşməsi gələcəkdə siyasi və diplomatik müstəvidə gərginliklərin dərinləşəcəyinə dair siqnal verir.
Rusiyanın hazırkı ritorikası Bakı-İrəvan sülhünə necə təsir edə bilər?
Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Rusiya hazırda “yaxşı polis – pis polis” rolunu oynamağa çalışır:
“Yaxşı polis” odur ki, Vaşinqton razılaşması ilə bağlı nisbi sakitlik müşahidə olunur. Bu görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə baş tutub və rəsmi şəxslər, o cümlədən Rusiya Prezidenti Vladimir Putin və XİN rəhbəri Sergey Lavrov bununla bağlı açıqlama vermirlər. Çünki bu, həm də Trampın nüfuzuna zərbə vurmaq deməkdir. Hazırda ABŞ lideri Ukrayna münaqişəsi ilə bağlı danışıqlara hazırlaşdığı üçün Rusiya Vaşinqton görüşünü açıq şəkildə tənqid etməkdən çəkinir”.
Politoloq vurğulayıb ki, Kreml “pis polis” rolunu öz nəzarətindəki media qurumları və ekspertlər vasitəsilə oynayır:
“Şər-böhtan xarakterli açıqlamalarla təzyiq göstərməyə çalışırlar. Bu, İranda baş verən proseslərə də bənzəyir. Orada islahatçılar danışıqları dəstəklədiyi halda, SEPAH və rejim tənqidçi mövqedədir.
Hazırkı vəziyyətdə Rusiya Ermənistandakı proseslərə təsir edə bilər. Mümkündür ki, Paşinyana sui-qəsd təşkil edilsin və ya ölkədə aksiyalar başlasın. Paşinyan bu baxımdan tələsməlidir. Rusiya aktivləşmədən İrəvan prosesləri yekunlaşdırmalıdır”.