ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında münaqişəyə Rusiyanın deyil, məhz ABŞ-ın son qoyduğunu vurğulayıb.
Trampın bu sözləri avqustun 15-də Alyaskada keçirilməsi planlanan Rusiya Prezidenti Vladimir Putinlə görüşünə hazırlıqların davam etməsi fonunda diqqət çəkir.
Ağ Ev rəhbəri bununla Putinə hansı mesajı verməyə çalışır? Trampın açıqlamasında məqsəd nədir?
Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov deyib ki, Trampın bu cür fikir səsləndirməsi Cənubi Qafqazda artıq Rusiyanın deyil, ABŞ-ın daha təsirli söz sahibi olduğunu göstərmək niyyətindən xəbər verir:
“ABŞ prezidenti hesab edir ki, bu mövqe həm Şərqi Avropa cəbhəsində, həm də Cənubi Qafqaz istiqamətində onun diplomatik imkanlarını gücləndirir, danışıqlar ərəfəsində ona əlavə arqument verir.
Bu baxımdan, Ağ Ev rəhbərinin belə bir mövqe ortaya qoyması müəyyən mənada məntiqlidir. Çünki istənilən dövlət üçün bu tip diplomatik gedişlər normal sayıla bilər. Lakin Trampın münaqişənin Cənubi Qafqaz miqyasında tam həll olunduğunu iddia etməsi bir qədər tələsik və reallıqdan uzaq görünür. Ona görə ki, hələ Rusiya və İranın bu məsələ ilə bağlı hansı addımlar atacağı bəlli deyil”.
Ekspertin sözlərinə görə, bu münaqişənin həllində əsas rolu nə Tramp, nə də başqa bir xarici aktor deyil, məhz Azərbaycan oynayıb:
“Vladimir Putin də yaxşı bilir ki, 2020-ci il İkinci Qarabağ müharibəsində və 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan Ordusu və dövləti bu münaqişəyə faktiki olaraq son qoyub. Vaşinqtonda imzalanan sənəd sadəcə Qərbin bu reallığı rəsmi olaraq qəbul və etiraf etməsi deməkdir. Qələbə və münaqişənin yekunlaşması Azərbaycanın payına düşür.
Kreml rəhbərinin fakt qarşısında hansı mövqeni tutacağı artıq Rusiyanın strateji qərarlarından asılıdır. Amma istənilən halda, Vaşinqton razılaşması çox mühüm tarixi hadisədir. Bu sənəd Azərbaycanın hərbi meydanda qazandığı qələbənin geosiyasi nəticələrinin beynəlxalq hüquqi müstəvidə tanınması istiqamətində əhəmiyyətli addımdır.
Alyaskada Trampla Putin arasında danışıqların necə keçəcəyi və hansı nəticələrlə yekunlaşacağı isə artıq onların işidir”.