“Mən də sizin kimi telefon işlədirəm, sizin qarşınıza çıxdığı kimi, mənim də qarşıma çıxır. Xahiş edirəm, bu xəbərləri mənə atmayın. Mən qardaşımı heç vaxt unutmuram, unutmaram da”.
Globalinfo.az xəbər verir ki, bu sözləri ötən ilin aprel ayında aparıcı Aytən Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobilinin toqquşması nəticəsində həyatını itirən Ayxan Əliyevin qardaşı Altun Əliyev yazıb.
“Qardaşımla bağlı hər hansı bir şey eşidəndə, görəndə dizlərim tutulur, gözüm dolur danışa bilmirəm. Bir anlıq nəfəsim kəsilir, boğuluram. Öz telefonumda belə şəkilləri gizli saxlayıram ki, görməyim. Allah düşmənimə belə bu hissi yaşatmasın. Qardaş yarası çox pisdir… Qaldı ki, kimdəsə günah axtarmağa, gərək onda birinci özümdən başlayım. O gün Ayxanın orda olmasının səbəbi ilə sonra mən idim. Ayaq üstə duran, tək böyüyən qardaşımla dərdləşmək, vaxt keçirmək istədim. Son xatırladığım qollarımda can verməsi idi. Allah bağışlasa da, mən özümü bağışlamayacağam. İnşallah, anlayışla qarşılayarsınız”.
Xatırladaq ki, qəza ötən ilin aprelində Xətai rayonu ərazisində, 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində baş verib. Aparıcı Aytən Səfərovanın idarə etdiyi “Hyundai Accent”lə “Hyundai İX-35” markalı digər maşın toqquşub. Nəticədə “İX-35”də olan Ayxan Əliyev adlı gənc dünyasını dəyişib. Aytən Səfərovaya faktla bağlı cinayət işi açılıb.