Son aylar Rusiya ilə Azərbaycan arasında informasiya qarşıdurması epizodik hücumlar toplusu olmaqdan çıxıb və sistematik vəziyyət alıb. Bu prosesdə Rusiyanın media xadimləri xüsusi rol oynayır, çünki onların bəyanatları geniş ictimai-siyasi təsirə malikdir. Solovyovun Rusiyanın Cənubi Qafqazda da Xüsusi Hərbi Əməliyyat zərurəti yarana biləcəyi haqda dedikləri də bu qəbildədir. Rusiya 3 ilə yaxındır ki, Ukraynada Xüsusi Hərbi Əməliyyat adı altında işğalçı müharibə aparır. Solovyov da bu fikirlə təkcə Azərbaycanı deyil, Ermənistanı da təhdid edib.
Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik isə “absatz.media”ya deyib ki, Bakı getdikcə daha çox Moskva haqqında sərt bəyanatlar verməyə başlayıb. Onun sözlərinə görə, Rusiyanın Cənubi Qafqazda asayişi bərpa etmək üçün qoşunlarının sayı “oradakı bütün problemləri həll etməyə kifayətdir”.
Təsadüfi deyil ki, Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının son həftələrdə ciddi şəkildə gücləndirildiyi bildirilir. Son günlər Rusiya tərəfindən Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazaya hərbi texnika, silah-sursat və digər logistika avadanlıqlarının daşınması ilə bağlı məlumatlar ictimai diqqəti cəlb edib. Sosial mediada və bəzi media qurumlarında yayılan bu informasiyalar regionda gərginliyin artması ehtimalını gündəmə gətirib. Erməni mediasının yazdığına görə, hər gün bazaya hərbi yükün olduğu bir neçə təyyarə enir. Tədarüklərin məqsədi məlum deyil, lakin müxtəlif fərziyyələr irəli sürülür. Versiyalardan birinə görə, Moskva bununla regionda mümkün dəyişikliklərə hazırlaşır.
Ümumən bildirilirdi ki, məqsəd Kremlin Cənubi Qafqaz ölkələrinə hərbi-siyasi təzyiqini artırmaqdır. Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi bazası 1995-ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. 2010-cu ildə Rusiya prezidentinin İrəvana səfəri zamanı müqavilənin müddəti daha 49 il - 2044-cü ilə qədər uzadılıb. 102-ci hərbi baza Rusiya Federasiyasının Şimali Qafqaz hərbi dairəsinin Qafqazdakı Qoşun Qruplaşmasına tabedir. Bazada digər silah və hərbi texnika ilə yanaşı, S-300 zenit-raket kompleksi və Miq-29 qırıcıları da var. Bazanın şəxsi heyəti 4 mindən çox hərbi qulluqçudan ibarət idi. Əgər Moskva həqiqətən də təyyarələrlə canlı qüvvə və hərbi texnika daşıyırsa, onda bazanın potensialı daha da artmaqdadır. Politoloqlar da hesab edir ki, Rusiyanın Ermənistana silah daşıması regional sabitlik baxımından ciddi təhdidlər yaradır.
Politoloq Elxan Şahinoğlu Rusiyanın artıq addımlar atdığını düşünür. Onun şərhinə görə, Azərbaycana qarşı hərəkətlər Ukrayna üzərindən həyata keçirilir: “Rus ordusu Kremlin təlimatı Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı yanacaq mərkəzlərini hədəf alıb. Əvvəlcə Azərbaycan qazını Ukraynaya nəql edən boru xəttinə, bir neçə gün sonra isə Dövlət Neft Şirkətinin Odessa şəhərindəki yanacaq mərkəzinə raket zərbələri endirdilər. Bununla Kreml Azərbaycanla onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirib. Dövlət Neft Şirkətinin xarici ölkədəki yanacaq mərkəzinə zərbə endirmək və orada çalışan insanlara zərər yetirmək faktiki Azərbaycanı hədəf almaq deməkdir. Buna görə də rəsmi Bakı adekvat addımlar barədə düşünmək məcburiyyətindədir”.
E.Şahinoğluya görə, belə vəziyyətdə Azərbaycanın Ukraynaya silah satışına embarqonu qaldıra biləcəyi anonsunun verilməsi tam yerindədir.
Bundan əlavə, politoloqun fikrincə, paralel şəkildə İrəvana da xəbərdarlıqlar var: “Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksey Fadeevin ”Ermənistanın Sünik vilayəti üzərindən kommunikasiya xətlərinin açılması zamanı rusiyalı sərhədçilərin mövcudluğu nəzərə alınmalıdır" açıqlamasından ilk növbədə baş nazir Nikol Paşinyan narahat olmalı və Ermənistan Xarici İşlər Nazirliyi vasitəsilə cavab verilməlidir. Rusiya rəsmilərinin və diplomatlarının İrəvana növbəti mesajı “Ermənistan-İran sərhədində rusiyalı sərhədçilərin dayandığını nəzərə alın” şəklindədir. Paşinyan bundan da çıxış yolu tapa bilər. Baş nazir necə ki, İrəvan hava limanında xidmət edən rusiyalı sərhədçiləri evlərinə göndərdi, eləcə də Ermənistan-İran sərhədindəki rusiyalı hərbçilərin xidmətindən imtina edə bilər".
Siyasi şərhçi Aqşin Kərimov da Moskvanın bəzi təxribatlara əl atacağını istisna etmir. Lakin onun qənaətinə görə, Rusiyanın əvvəlki gücü qalmayıb ki, genişmiqyaslı addımlar atsın. Kərimovun sözlərinə görə, Rusiya Azərbaycan və Ermənistan arasında Vaşinqtonda Donald Trampın vasitəçiliyi ilə əldə edilmiş razılaşmaları və ondan irəli gələn öhdəlikləri sabotaj etmək üçün müxtəlif vasitələrə əl ata bilər: “Rusiyanın mövcud informasiya və analitik məkanının təhlili göstərir ki, Kreml bu istiqamətdə artıq müəyyən təlimatlar verib. Kremldən gələn açıqlamalar və bunun mediada əks-sədası belə düşünməyə əsas verir ki, Rusiya hazırkı sülh planından razı deyil. Ehtimal olunur ki, Moskva Vaşinqton razılaşmalarını üstələyəcək alternativ təkliflər paketi hazırlamağa çalışacaq, lakin bunu necə həyata keçirə biləcəyi sual altındadır. Çünki Rusiyanın ”sülh" planının özü şübhəlidir. Ona görə də Rusiya Azərbaycana qarşı təzyiq vasitələrini işə sala, Rusiyadakı vətəndaşlarımıza və soydaşlarımıza qarşı müəyyən tədbirlər həyata keçirə bilər".
Analitik hesab edir ki, digər tərəfdən, yaxın günlərdə - 15 avqustda Alyaskada Donald Tramp və Vladimir Putin arasında görüş planlaşdırılır və nəticələri Cənubi Qafqaz, postsovet məkanı və Yaxın Şərq üzrə mümkün bölgülərə təsir göstərə, həmçinin Rusiyanın Azərbaycan-Ermənistan məsələsinə münasibətini formalaşdıra bilər.
“Əgər Tramp-Putin razılaşması baş tutmasa, Rusiya Cənubi Qafqazda daha aqressiv siyasət yürüdə bilər. Bu ssenaridə Rusiyanın əsas diqqət yönləndirəcəyi ölkə Ermənistan olacaq. Bu yolla Rusiya Ermənistanı təsir dairəsində saxlamağa və onu Azərbaycana qarşı təxribatlara hazırlamağa cəhd edə bilər. Lakin Ukraynadakı müharibə kampaniyası səbəbindən Rusiyanın geosiyasi gücü əvvəlki səviyyədə deyil və mövqelərində geriləmə müşahidə olunur. Məhz bu səbəbdən Rusiyanın hansı alternativ addımlar ata biləcəyi diqqət mərkəzində olmalıdır”, - deyə ekspert belə şərh edib.
“Yeni Müsavat”