ABŞ və Rusiya Prezidentlərinin Alyaskadakı görüş nəticə vermədi. Bu heç gözlənilmirdi. Çünki, işğala məruz qalan dövlətin lideri bu görüşdə iştirak etmirdi. Ukraynanın baş üzərindən sülhə nail olmaq mümkün deyil. Vaşinqton Moskvaya Ukrayna müharibəsini “ərazi mübadiləsi” vasitəsilə həllini təklif edib. Kiyev bu təklifin əleyhinədir. Çünki Ukrayna müharibəni dayandırmaq üçün ərazilərinin bir hissəsinin işğalı ilə barışmalıdır. Vaşinqtonun təklifinə heç Moskva da razı deyil. Rusiya Ukraynanın 4 bölgəsinin ona verilməsini tələb edir. Kreml hələ işğal edə bilmədiyi əraziləri də Ukraynadan tələb edir. Vaşinqton isə ancaq işğal edilənin Rusiyaya aid olunmasına tərəfdardır.
Buna baxmayaraq, Alyaskadakı görüş həm Rusiya Prezidenti Vladimir Putin, həm də ABŞ Prezidenti Donald Tramp üçün vacib idi. Putin üçün bu görüş ona görə vacib idi ki, Kreml sahibi uzun müddətdir Trampın müxtəlif təkliflərinə “yox” deyib. O bu dəfə də Ağ Ev sahibinin təklifinə “yox” desəydi, Donald Tramp Putinlə təmaslardan imtina edəcəkdi. Halbuki, Vladimir Putin Trampın Prezidentliyi dövründə ABŞ-la münasibətlərin normallaşdırılmasına çalışır. Təsadüfi deyil ki, Putin Alyaskadakı görüşdə amerikalı həmkarını keçmişdə mövcud olan iqtisadi əlaqələrin bərpası mövzusuna yönəltməyə çalışıb. Ticarətçi olan Tramp bu mövzuya maraq göstərir, ancaq o müşavirlərinin təlimatıyla “gəl əvvəlcə müharibəni dayandıraq, bundan sonra ikitərəfli əməkdaşlığın inkişafına qayıdarıq” prinsipindən çıxış edir. Putin Trampın tərifə meylli olduğunu bilərək, Alyaskada amerikalı həmkarının qulağına xoş olan ifadələr səsləndirib. Misal üçün Tramp hər dəfə bildirir ki, Bayden yox o Prezident olsaydı, Rusiya-Ukrayna müharibəsi başlamayacaqdı. Putin Alyaskada bu fikri təsdiq edən cümlə işlədib: “Mən ABŞ-ın keçmiş Prezidentini xəbərdar etmişdim, məni dinləmədi, Tramp o zaman Prezident olsaydı müharibənin başlamasının qarşısını alardı”. Digər tərəfdən Putin ABŞ-dakı bundan əvvəlki seçkinin Co Baydenin xeyrinə saxtalaşdırıldığını bildirib. Bununla Kreml sahibi Trampın digər arqumentini də dəstəkləyib. Putinin sözlərinə görə, ABŞ-da poçt üsulu ilə səsvermə saxtakarlığa şərait yaradıb. Tramp da eyni fikirdədir.
Alyaskadakı görüş Donald Tramp üçün də vacib idi. Ukrayna müharibəsiylə bağlı nəticə əldə olunmasa da, Ağ Ev sahibi problemin həlli yolunda çalışmalarını davam etdirdiyi görünsütü yaradıb. Onun seçkiqabağı əsas vədi Rusiya-Ukrayna müharibəsinin sayandırılamasıyla bağlıdır. Ona görə də Tramp bu istiqamətdə kiçik də olca nəticə əldə etməyə çalışmalıdır. Putin amerikalı həmkarının Alyaskada görüş təklifinə razılaşmaqla Trampın reytinqinin aşağı düşməsinin qarşısını almış oldu.
Donald Trampla Vladimir Putin arasındakı dialoqun davam etməsi və Kreml sahibinin amerikalı həmkarının fəaliyyətini müsbət qiymətləndirməsi Azərbaycanın da maraqlarına cavab verir. Belə olan halda Kreml açıq-aşkar Zəngəzur dəhlizinin işlədilməsi üçün ABŞ-ın səylərinin qarşısını almaq istəməyəcək. Əks halda, Putin “Tramp marşrutu”nun əleyhinə çıxmış olacaq ki, bu Ağ Evdə mənfi qarşılanacaq. Bu Azərbaycanla Ermənistana imkan yaradır ki, Zəngəzur dəhlizinin tikintisi və işə düşməsi prosesini sürətləndirsin.
Elxan Şahinoğlu - "DİA-AZ"