Qarabağda baş verən silsilə yanğınlar ictimaiyyətdə birmənalı qarşılanmır. Hətta işğal dövründə regionda bu kimi hadisələrin aşağı intensivlikdə qeydə alındığı vurğulanır.
Daxili İşlər Nazirliyi yanğınların ehtiyatsızlıqdan törədildiyini bildirsə də, cəmiyyətdə müəyyən informasiya kirliliyi müşahidə olunur. Sosial şəbəkələrdə belə bir iddia yayılıb ki, Rusiya və erməni lobbisi yanğınlar vasitəsilə Azərbaycana təzyiq etməyə çalışırlar.
Bu iddia nə dərəcədə real görünür? Yanğınların kənar qüvvələr tərəfindən törədilməsi mümkündürmü?
Globalinfo.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev deyib ki, işğal dövründə həmin ərazilərdə geniş təsərrüfat fəaliyyəti aparılmırdı, məskunlaşma yox səviyyəsində və əhali sayı da az idi:
“Bu, o dövrlə müqayisədə obyektiv reallıqdır. Hazırda isə qayıdış prosesi başlayıb – evlər tikilir, yollar salınır, kənd təsərrüfatı işləri və hətta turizm fəaliyyətləri həyata keçirilir. İnsan sayı və texnika fəaliyyətinin artması yanğın risklərini dəfələrlə yüksəldən əsas amillərdəndir.
DİN yanğınların çox vaxt ehtiyatsızlıqdan baş verdiyini bildirir. Doğrudan da ən çox rast gəlinən səbəblər siqaret kötüyünün söndürülmədən atılması, quru otların yandırılması və qaynar məişət tullantılarının ətrafa atılmasıdır. Lakin məsələni yalnız vətəndaşların diqqətsizliyi ilə izah etmək düzgün deyil. Burada profilaktik tədbirlərin kifayət qədər görülməməsi, yanğınsöndürmə infrastrukturunun tam qurulmaması və erkən xəbərdarlıq sisteminin zəifliyi də mühüm rol oynayır”.
Ekspert qeyd edib ki, yanğınların qarşısını almaq üçün ərazilərdə mütəmadi infrastruktur işləri aparılmalı, yanğına davamlı zolaqlar yaradılmalı, kənd təsərrüfatı işləri zamanı xüsusi könüllü yanğınsöndürmə dəstələrinin sayı artırılmalıdır:
“Ən əsası isə əhali arasında maarifləndirmə gücləndirilməlidir. Çünki kiçik bir ehtiyatsızlıq yüz hektarlarla ərazinin, hətta insanların həyatının məhvinə səbəb ola bilər. Yanğınların qarşısını almaq üçün yalnız bir qurumun deyil, bütün dövlət strukturlarının və vətəndaşların birgə fəaliyyəti tələb olunur. Ehtiyat tədbirlərini gücləndirmək və cəmiyyətdə məsuliyyət hissini artırmaqla belə hadisələrin sayını əhəmiyyətli dərəcədə azaltmaq mümkündür”.