Azərbaycan Beynəlxalq Bankı (ABB) müştəri pulunun mənimsənilməsi ilə bağlı ciddi şikayət qarşısındadır.
32gun.az xəbər verir ki, Alım Hüseynzadə bildirib ki, 10 iyul 2025-ci ildə DigiTransfer vasitəsilə Türkiyədəki Enpara Bankında dostunun avro hesabına 249 dollar (423,67 AZN) köçürüb. Lakin üzərindən 50 gün keçməsinə baxmayaraq, qarşı tərəfin hesabına vəsait oturmayıb.
Şikayətçinin sözlərinə görə, bankdan dəfələrlə sorğu aparılsa da, yalnız ziddiyyətli cavablar alıb:
- 11 iyul – ABB-yə müraciət edib, sorğu yaradılıb (№100332183).
- 15 iyul – bank bildirir ki, əməliyyat uğurludur, pulun aqibəti qarşı tərəfdən soruşulmalıdır.
- Enpara Bankı isə təsdiqləyib ki, heç bir vəsait daxil olmayıb və yalnız qarşı tərəfin təqdim edəcəyi dekont əsasında araşdırma aparıla bilər.
- 21 iyul – ABB-yə təkrar müraciət olunub, rəsmi sənəd üçün filialdan müraciət tələb edilib.
- 11 avqust – müştəri ABB-nin Gənclik filialına yaxınlaşıb. 2 saat gözlədikdən sonra əməkdaşlar müxtəlif bəhanələr gətiriblər: əməliyyatın “pending” (gözləmədə) olduğunu, yaxud 50 dollar ödəməklə araşdırma apara biləcəklərini bildiriblər. Nəticədə yenidən sorğu açılıb (№100366809).
- 14 avqust – ABB ilə telefon danışığında operator əməliyyatın uğurlu olduğunu deyib, lakin təsdiqedici sənəd və ya dekont verməyəcəklərini bildirib. Bu dəfə isə şikayət qeydə alınıb (CS-38605) və nəticənin 15 iş günü ərzində açıqlanacağı deyilib.
Alım Hüseynzadə bildirir ki, ABB-nin əməkdaşlarının verdiyi cavablar bir-birini təkzib edir, bank isə problemin həllinə maraqlı görünmür:
“Mənə lazım olan yalnız təsdiqedici sənəd idi ki, Enpara Bankına təqdim edim. Amma ABB-nin əməkdaşları bir-birindən fərqli cavab verir, sanki məsələni bilərəkdən uzadırlar. 50 gündür pulumdan xəbər yoxdur.”
Şikayətçi bankdan tələb edir ki, ya vəsaitini geri qaytarsın, ya da köçürmənin həqiqətən həyata keçirildiyini sübut edən rəsmi sənəd təqdim etsin.
32gun.az