Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan yenə ölkəsi ilə bağlı cəfəng iddia irəli sürüb.
Teleqraf xəbər verir ki, “qədim Ermənistanın sərhədləri”ndən danışan sabiq prezident onun vaxtilə Xəzər dənizinədək uzandığını iddia edib.
III əsrə yaşamış romalı tarixçi Mark Yunian Yustinə “istinad” edən Ter-Petrosyan bildirib:
“Parfiyadan sonra sərhədləri bütün krallıqlardan daha geniş olan belə bir dövlət haqqında səssiz qalmaq bağışlanmaz olardı. Çünki Ermənistan Kapadokyadan (Türkiyənin vilayəti - red.) Xəzər dənizinə qədər uzanırdı”.
Ter-Petrosyanın iddiasının uydurma olması onun bir başqa fikrində də öz təsdiqini tapıb. O, bu dəfə “sərhədləri” Fərat çayı sahillərini əhatə edən, Assuriya və ya Mesopotamiyayadək uzanan, coğrafiyası naməlum “qədim erməni dövləti”ndən bəhs edib.
Qeyd edək ki, ermənilərin Ermənistan əraziləri ilə bağlı irəli sürdükləri iddialar tarixi faktlara uyğun gəlmir. Bu yalanların bir çoxu saxtalaşdırılmış tarix, uydurma xəritələr və miflər üzərində qurulub. Məsələn, “Böyük Ermənistan” ideyası. Ermənilər qədim dövrlərdə guya Aralıq dənizindən Xəzər dənizinədək uzanan “Böyük Ermənistan” dövlətindən danışırlar. Əslində isə belə bir dövlət heç vaxt mövcud olmayıb. Ermənilər fərqli dövrlərdə kiçik icmalar şəklində daim başqa imperiyaların (Roma, Bizans, Səfəvi, Osmanlı, Rusiya və s.) tərkibində yaşayıblar. Ermənilərin tarixdə təsdiqlənmiş ilk dövləti 1918-ci ildə qədim Azərbaycan ərazilərində qurulub.