Kəngərli rayonunda sadə fermerlərin payızlıq əkin sahələri susuzluqdan məhv olmaq üzrədir. Buna səbəb isə, Arpaçay anbarından qidalanan Qıvraq-1 nasos stansiyasından suyun verilməsinin dayandırılmasıdır. Bu vəziyyət 500 hektardan çox ərazidə əkilən taxılın qurumasına yol açıb.
Fermerlərin “Gündəlik Naxçıvan”a bildirdiklərinə görə, problem əsasən rayonun Qıvraq qəsəbəsi, Xok, Qabıllı və Yurdçu kəndlərini əhatə edir.
Fermerlər bildirirlər ki, problemlə bağlı rayonun İcra Hakimiyyətinə və digər qurumlara müraciət etsələr də nəticəsi olmayıb:
“İcra başçısı konkret deyir ki, “mənim ixtiyarımda deyil, su vurdura bilmərəm”. Kənd Təsərrüfatı naziri Rəfail müəllim də bu sözləri təkrarlayır. Nazirlər Kabinetində, Ali Məclisdə olmuşuq, ərizəmizi alıblar, “baxılacaq” deyiblər, amma heç bir xəbər çıxmayıb.”
Fermerlərin sözlərinə görə, belə davam edərsə, borc-xərclə əkdikləri sahələr məhv olacaq:
“1 hektar sahənin xərci 1000 manatdan çoxdur. Dolanışığımızı torpaqdan çıxarırıq, ona da imkan vermirlər. Naxçıvan Meliorasiya Nazirliyi üzərinə düşən su təminatı ilə bağlı heç bir iş görmür. Nazirlikdən deyirlər ki, sizə su versək, balıqlar öləcək.
Belə bir vəziyyətdə kənd təsərrüfatını necə inkişaf etdirmək olar? Hər bir rayon üçün əkin norması qoyublar, bizim rayona da 4000 hektar şum aparılıb əkilsin deyirlər. Suvarmasaq da olar, guya biçin vaxtı yalançı statistika veriləcək ki, bu qədər məhsul tədarük edilib. Kəndlinin zərəri onlar üçün önəmli deyil.”











