İcra başçısı Musa Şəkiliyevin həbsindən sonra Qax rayonunda ilk tenderlər keçirilib.
Tribuna.az xəbər verir ki, son iki gündə keçirilən iki tenderin qalibi elə eyni şirkət olub.
Belə ki, iki gün öncə Qax şəhərinin M.C.Paşayev , Ş.Qurbanov , 9 Aprel , İ.Mustafayev , V.Eyvazov C.Cabbarlı və D.Qorqud küçələrində abadlıq işlərinin satınalınması prosesinə yekun vurulub. Qax İcra Hakimiyyəti “TƏMİR TİKİNTİ-EM” MMC ilə satınalma müqaviləsi imzalayıb və bunun üçün 65 min 677 manat ödəniş edib.
Dünən isə sözügedən rayonun İcra Hakimiyyəti başçısının Qax şəhər İnzibati Ərazi Dairəsi Nümayəndəliyi daha bir nəticəni açıqlayıb. Müsabiqəyə əsasən İcra Hakimiyyəti 2025-ci ildə Qax şəhərinin prospekt küçə və parklarının işıqlandırılması üçün mal və materialların, bayraqların və posterlərin satınalınmasını həyata keçirəcək. Bu tenderin qalibi isə “TƏMİR TİKİNTİ-EM” MMC olub.
Tərəflər satınalma məqsədi ilə 49 min 860 manatlıq müqavilə imzalayıblar.
Tribuna.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı belə məlum olub ki, tenderin qalibi olmuş sözüegedən şirkət hələ Musa Şəkiliyevin də dövründə Qaxdakı bu tip işləri həyata keçirib. Məsələn, bu ilin martında “TƏMİR TİKİNTİ-EM” MMC Qax şəhərinin H.Əliyev prospektində, M.Müşfiq, X.Hasilova, X.Natəvan, Ü.Hacıbəyli, M.Mustafayev, M.P.Vaqif küçələrində, o cümlədən Şəhidlər Xiyabanında və Heydər bulağında abaqlıq işlərini həyata keçirib. Həmin işlərin dəyəri isə 204 min 579 manat təşkil edib.











