Naxçıvan Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşları məzuniyyət pullarının kəsilməsindən, maaşlarının gecikdirilməsindən şikayət edirlər.
Əməkdaşların “Gündəlik Naxçıvan”a verdikləri məlumata görə, onların məzuniyyət pulu iki il öncə yarıbayarı azaldılıb. Bu il isə, maliyyə çatışmazlığını əsas gətirib, azaldılan məbləği də ödəməyiblər.
Əməkdaşlar maaşlarının gecikdirilməsindən də şikayətçidirlər:
“Nazirliyin işçilərinin hamısı məzuniyyət pulunu da, maaşlarını da vaxtında ala bilirlər. Biz isə, ayrıseçkiliyə məruz qalırıq. Əgər maliyyə çatışmazlığı varsa, nazirliyin bütün əməkdaşlarına tətbiq olunsun. Niyə tək bizim pulumuz kəsilir? Bizim haqqımız olan məzuniyyət pulunu əvvəl yarıya saldılar, sonra da ümumiyyətlə vermədilər. Əvvəllər maaşlar ayın 17-dən gec olmayaraq verilirdi. İndi isə ayın 27-də verilir.
On gün gecikmə bizim üçün ciddi problemdir. Aldığımız maaş 500-600 manatdır. Üstəlik maaşdan tutulan məbləğlər də artıb. Soruşanda deyirlər ki, büdcədə problem var, gözləyin. Gözləməkdən başqa çarəmiz yoxdur, çünki etiraz edənləri işdən çıxarmaqla qorxudurlar.”
Xidmət əməkdaşları peoblemi ictimailəşdirməklə həllinə nail olacaqlarına ümid edirlər:
“Bu sistemdə işləyən insanların ailəsi, krediti, gündəlik xərcləri var. Maaş gecikir, məzuniyyət pulu verilmir. İlin əvvəlindən deyirlər ki, büdcədə pul yoxdur, veriləcək. İl başa çatır hələ də ala bilməmişik.
Əslində yeməkpulu ilə birlikdə 2800 manat verilməlidir. İki ildir 1400 manat verirlər, indi onu da ala bilmirik. Qalan pulların aqibəti bəlli olmur. Üstəlik səsini çıxaranı işdən qovmaqla hədələyirlər. Bu açıq-aşkar təzyiqdir. Nə edəcəyimizi bilmirik. Xahiş edirik aidiyyəti qurumlar müdaxilə edib, problemi həll etsinlər”











