"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən şikayətim var" "DİA-AZ" xəbər verir ki, bu barədə Elnur Babayev adlı sosial şəbəkə istifadəçisi öz səhifəsində etirazını ifadə edib.
Narazı vətəndaş daha sonra bildirir: "Dünən Azərsu smart kartına mPay vasitəsilə NFC yolu ilə 5 AZN məbləğində ödəniş etdim. Qeyd edim ki, bu, uzun müddətdir istifadə etdiyim və indiyədək problemsiz işləyən bir ödəniş üsuludur. Lakin kartı sayğaca yaxınlaşdırdıqda kartın boş olduğu göründü. Dərhal mPay ilə əlaqə saxladım. Bildirdilər ki, ödəniş onların sistemində uğurla həyata keçib və problem Azərsu smart kartı ilə bağlıdır.
Bundan sonra Azərsu ilə əlaqə saxladım və operatora vəziyyəti izah etdim. Operator NFC ödənişinin yalnız mexaniki sayğaclar üçün keçərli olduğunu, smart sayğaclar üçün uyğun olmadığını bildirdi və Qara Qarayevdə yerləşən ADSEA filialına yaxınlaşmağımı tövsiyə etdi. Saatın 17:30 olduğunu və həmin vaxt ora gedə bilməyəcəyimi dedim. Operator terminal vasitəsilə yenidən ödəniş etsəm suyun gələcəyini bildirdi. Mən isə haqlı olaraq qeyd etdim ki, əgər NFC ödənişində problem varsa, bu, ödəniş zamanı sistemdə bildiriş şəklində göstərilməlidir. Operator isə bunun artıq çoxdan belə olduğunu və NFC ilə ödənişin mümkün olmadığını dedi. Halbuki mən artıq 1 ildən çoxdur ki, bu üsulla ödəniş edirəm.
Nəticədə “MilliÖn” terminalı vasitəsilə yenidən 5 AZN ödədim, klapan açıldı və su gəldi. Lakin bu gün, 8 yanvar tarixində yenidən yoxladıqda suyun kəsildiyini, klapanın bağlandığını gördüm. Yenidən Azərsu ilə əlaqə saxladım, problemi izah etdim və şikayətə baxılmasını xahiş etdim. Mənə Azərsu idarəsinə yaxınlaşmağım tövsiyə olundu.
İdarəyə getdikdə girişdə resepsiyonda əməkdaşa vəziyyəti izah etdim: 12 saat sonra klapan niyə bağlanıb, bu müddətdə su hara sərf olunub və niyə yenidən kəsilib? Eyni zamanda operatorların kobud davranışını da qeyd etdim. Mən sadəcə problemi izah etməyə çalışdığımı bildirdim. Mənə deyildi ki, sayğacla bağlı şikayət varsa, ərizə yazım və 24 saat ərzində baxılacaq. Haqlı olaraq soruşdum: “24 saat susuz qalaq?”
Daha sonra məni müdirin yanına apardılar. Orada bildirildi ki, sayğacda 18 AZN borc var. Mən bu borcun necə yarandığını soruşdum və qeyd etdim ki, dünən ümumilikdə 10 AZN ödəmişəm. Bizdə elektron sayğacdır və balans bitdikdə su avtomatik dayanır. Bu halda borcun yaranması məntiqsizdir. Cavab olaraq bildirildi ki, borc ödənilməsə, sayğac açılmayacaq.
Mən borcumun olmadığını və problemin NFC ödənişi ilə bağlı olduğunu izah etdim. Mənə ödənişləri yalnız “MilliÖn” və ya “E-manat” vasitəsilə etməyim tövsiyə olundu. Halbuki bir neçə il əvvəl əksinə, “E-manat” deyil, “MilliÖn”lə ödəmək tövsiyə edilmişdi. Əgər NFC və ya mPay ilə ödəniş problemlidirsə, bu halda niyə həmin sistemlərlə əməkdaşlıq davam edir?
Sonradan resepsiyadakı əməkdaş borcun 18 AZN yox, 7 AZN musbet balans olduğunu bildirdi. Mən isə haqlı olaraq 3 AZN-in hara yoxa çıxdığını soruşdum. Müdir isə suallardan yayınaraq səsini qaldırdı və “ASAN Kommunal”a getməyimi dedi. Mən də getdim. Orada 7 AZN yükləməyin mümkün olmadığını, yalnız 3 AZN ödəyərək onlayn şəkildə 10 AZN yüklənə biləcəyini bildirdilər. Buna baxmayaraq, yenə 5 AZN yükləməli oldum.
Nəticə etibarilə, bir sutkada 10 AZN suya, üzərinə əlavə 3 AZN balans itkisi, üstəlik vaxt itkisi, əsəb və stres yaşadım. Xidmət səviyyəsi isə sıfırdır.
Əgər bu xidmət düzgün təşkil olunmayacaqsa, bu qədər strukturun, ADSEA-nın və müxtəlif ödəniş sistemlərinin mövcudluğunun nə mənası var?"











