“Azəristiliktəchizat” ASC Naxçıvanda abonentlərdən artıq pul toplamaq üçün saxtakarlığa əl atmaqda ittiham olunur. Bu barədə “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, ASC-nin yeni tərtib etdiyi müqavilələrdə istiliklə təchiz olunan sahələrin ölçüsü bilərəkdən artıq göstərilir, hətta istilik verilməyən qeyri-yaşayış sahələri də müqaviləyə əlavə olunur.
Yeni müqaviləyə imza atmaqdan imtina edən abonentlər isə istiliyin kəsiləcəyi ilə təhdid edildiklərini bildirirlər.
Naxçıvan şəhər sakini Sabit Həsənov deyir ki, yeni müqavilədə yaşadığı evin sahəsi saxtalaşdırılaraq 10 kvadrat metr artıq yazılıb:
“Müqavilə gətirmişdilər, baxanda gördüm ki, evimin sahəsini şişirdiblər. Keçən müqavilədə yaşayış sahəm 48 kvadrat metr idi və hər kvadrat metrə görə 30 qəpik ödəyirdim. Bu il isə heç bir ölçmə aparılmadan müqaviləyə 58 kvadrat metr yazıblar. Üstəlik, qeyri-yaşayış sahələrini də zorla əlavə ediblər. Bu, açıq-aşkar saxtakarlıqdır. Ona görə müqaviləyə imza atmadım. Dedilər ki, iki həftə ərzində imzalamasaq, istiliyi kəsəcəklər. Saxta müqaviləni niyə imzalamalıyam?”
Eyni problemlə üzləşən digər sakin Mahir Qurbanov isə bildirir ki, vəziyyətin qarşısını almaq üçün sayğac tələb etsə də, bu tələbi rədd edilib:
“Mənim də evimin sahəsini artıq yazıblar. Dedim ki, sayğac qoyun, nə qədər sərf edirəmsə, onu ödəyim. Cavab verdilər ki, sayğac yoxdur. Əslində istəmirlər. Sayğac olsa, istədikləri kimi rəqəm yaza bilməzlər. Açıq deyirlər: ya müqaviləyə imza at, ya da istilik kəsiləcək. Şaxtalı havada bizi buna məcbur edirlər.”
Qeyd edək ki, “Azəristiliktəchizat” ASC Naxçıvanda bir neçə aydır fəaliyyətə başlayıb. Bundan əvvəl istilik ödənişləri MKİS vasitəsilə həyata keçirilirdi.











