Həkimlər onun xəstə qanından istifadə edərək bir neçə sağlam şəxsə saxta əlillik dərəcəsi alıblar. Özünün ağır vərəm xəstəsi olduğunu təsdiqləmək üçün isə ondan rüşvət tələb edirlər. Bunu vərəm xəstəsi Emin Məmmədov iddia edir.
Şərur rayon sakini olan şikayətçinin sözlərinə görə, Naxçıvan Ağciyər Xəstəlikləri Dispanseri həkimlərinin tələbi ilə bir neçə dəfə başqa şəxslərin adından laboratoriyada qan analizi verib. Daha sonra həmin şəxslər vərəm xəstəsi kimi rəsmiləşdirilərək əlillik dərəcəsi alıb və pensiya ilə təmin olunublar.
Emin Məmmədov bildirir ki, növbəti dəfə bu cür qanunsuz tələbdən imtina etdikdən sonra həkimlər onu cəzalandırmağa qərar veriblər. Onun iddiasına görə, əlillik dərəcəsinin müddəti uzadılmasın deyə xəstə olduğu rəsmi şəkildə təsdiqlənməyib.
Emin Məmmədov aidiyyəti qurumlara sual ünvanlayır: “Necə olur ki, mənim qanımla başqaları əlillik dərəcəsi ala bilir, amma mən öz xəstəliyimi sübut edə bilmirəm?”
"Gündəlik Naxçıvan"
Daha ətraflı aşağıdakı VİDEODA:











