Naxçıvan Dövlət Universitetinin Baytarlıq təbabəti kafedrasında təhsil alan tələbələr keyfiyyətsiz təhsildən narazıdırlar. Onların sözlərinə görə, laboratoriya boş olduğundan kafedrada praktiki dərslər kağız üzərində aparılır. İxtisaslı müəllim çatışmadığından isə, dərsləri baytarlığa aidiyyatı olmayan müəllimlər keçir.
Universitetdə ödənişli təhsil alan N. Can “Gündəlik Naxçıvan”a bildirib ki, laboratoriyalarda qan analizi aparmaq üçün zəruri tibbi avadanlıqlar mövcud deyil.
O, həmçinin klinik fənlər üzrə təcrübə aparmaq üçün müvafiq heyvanların da olmadığını deyir:
“Mən təhsil haqqı ödəyirəm ki, bilik alam, təcrübə toplayam, məzun olandan sonra öz peşəmin öhdəsindən gələ bilim. Universitetə ödədiyimiz pullar havaya gedir. Biz baytarlıq oxuyuruq, amma nə qan analizi götürməyi, nə də xəstə heyvanı müayinə etməyi öyrədirlər. Laboratoriya üzü görməmişik. Deyirlər var, amma içi boşdur.
Dərslər kağız üzərində keçirilir. Hamımız bilirik ki, bu cür təhsillə real işə hazır deyilik. Universitet isə ya bunu etmək gücündə deyil, ya da marağında. Dəfələrlə şikayət etmişik, amma bir tədbir görülmür. Bunların işi elm və ixtisas öyrətmək deyil, maraqları həm yerli, həm də əcnəbi tələbələrdən ödəniş almaqdır. Pulumuzu yeyirlər, normal təhsil vermirlər.”
Digər tələbə Ş. Mirzəyev də kafedrada ixtisasını dərindən bilən, real sahə təcrübəsi olan müəllim heyətinin çatışmadığını vurğulayır:
“Baytarlıq təbabəti praktik ixtisasdır, amma bizdə bir dənə də olsun təcrübə heyvanı yoxdur. Müəllimlərin bir qismi ixtisası ümumiyyətlə bilmir. Sual verəndə ya cavab verə bilmirlər, ya da mövzunu dəyişirlər. Bir çox dərslər formal olaraq kağız üzərində aparılır. Bu, açıq-aşkar tələbələrin gələcəyini məhv etməkdir.”
Tələbələrin sözlərinə görə, universitet rəhbərliyi və aidiyyəti qurumlar problemlərdən xəbərdar olsa da, illərdir heç bir real addım atılmır.











