Naxçıvan şəhər sakini Elbrus Vəliyev deyir ki, haqqı olan əlillik dərəcəsini almaq üçün Respublika Xəstəxanasında ondan iki min manat rüşvət istəyirlər.
Onun „Gündəlik Naxçıvan“a bildirdiyinə görə, rüşvətlə bağlı Ali Məclisə şikayət etsə də nəticəsi olmayıb. Yeni səlahiyyətlə nümayəndə ilə görüşməyə isə imkan verilməyib:
„Gözüm görmür, o qədər zəifdir ki, hərbiyə də aparmadılar. Xəstəxanaya getdim, dedilər əllilik düşür, bunun üçün orda yatmalıyam. Razılaşıb, xəstəxanada yatdım. Rahilə həkim dedi ki, indi iki min manat ver, yazaq kağızlarını. Pulumun olmadığını dedim, dedi ki, bu pul tək ona çatmır, 5 həkim arasında bölünəcək. Dedilər pul olmasa, pensiya düşmür.
Məcbur qalıb, Ali Məclisə şikayətə getdim. Ordan göndərdilər baş həkim Rəşadət doktorun yanına. O da dedi ki, heç nə edə bilməz. Dedi ki, həkimin rüşvət istəməsinə qarışa bilməz.
Məcbur qalıb yeni səlahiyyətli nümayəndə Ceyhun müəllimin qəbuluna getdim. Ora da buraxmayıb dedilər ki, biz belə işlərə qarışmırıq.
Səhiyyə Nazirliyinə şikayət etmişəm, onlar da deyir qarışa bilmərik. Mən niyə haqqım olan əlilliyi rüşvətlə almalıyam. Necə olur ki rüşvət verəndə xəstəliyin tanınır, verməyəndə yox?“
Elbrus Vəliyev aidiyyəti orqanlara müraciət edərək, əlillik dərəcəsinin tanınmasını tələb edir.











